×
A
A
A
Sazlamalar

Elektron qaimə-fakturada düzəliş hansı qaydada edilir?

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.6-cı maddəsinə əsasən, vergiödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
Eyni zamanda, aparılan bu əməliyyatlar üzrə müvafiq izahatlar hazırlanmalı, habelə bu əməliyyatlar debitor borclarına da təsir etdiyindən qarşılıqlı üzləşmələr aparılmalı və sənədləşdirilməlidir.

 

Maliyyə 2023-06-05 10:35:00