×
A
A
A
Sazlamalar

BMT-nin sülh üçün səy göstərdiyi Yəməndə münaqişə yenidən alovlanıb

Bakı, 5 iyun, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndə atəşkəs səyləri davam edərkən, hökumət qüvvələri ilə husi qiyamçıları arasında toqquşmalar yenidən alovlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, tərəflər arasında toqquşmalar xüsusilə Yəmənin Marib və Taiz bölgələrində baş verib.
Husilərə bağlı olan SABA xəbər agentliyi dünən hökumət qüvvələri ilə toqquşmalarda 2-si yüksək səviyyəli komandir olmaqla 11 silahlının həyatını itirdiyini bildirib.
Sözügedən rəqəmin husilərin son bir ildə gündəlik olaraq açıqladığı ən çox ölüm sayı olduğu ifadə edilib.
Yəmən ordusunun Taizdəki qüvvələri isə cümə günü axşam saatlarında hərbi mövqelərə doğru hərəkət edən husilərə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Digər tərəfdən, BMT aylardır ki, ölkədə atəşkəs və sülh prosesinin əldə olunması üçün diplomatik səylər göstərir. BMT-nin xüsusi nümayəndəsi Hans Qrundberq Yəməndə sülh prosesinin başlaması üçün ABŞ, Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, Oman və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və diplomatik təmaslar qurub. Bütün bunlara baxmayaraq Yeməndə toqquşmalar yenidən alovlanıb.

 

Dünya 2023-06-05 06:21:00