×
A
A
A
Sazlamalar

Şuşada kütləvi məzarlığın aşkarlanması Ermənistanın cinayətlərinin növbəti nümunəsidir - QHT sədri

Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra üzləşdiyi əsas problemlərdən biri də kütləvi məzarlıqlar məsələsidir. Ərazilərimiz minalardan təmizləndikcə, kütləvi məzarlıqlar bir-bir üzə çıxır. Şuşa həbsxanasının yanında bu qəbildən olan məzarlığın aşkar edilməsi Ermənistanın humanitar hüquq cinayətlərinin növbəti nümunəsidir. Bu, insanlıq əleyhinə törədilmiş ağır müharibə cinayətidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli söyləyib.
QHT sədri bildirib ki, Şuşada aşkarlanan insan qalıqları Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqlar seriyasının ardıdır. “Tapıntılar onu deməyə əsas verir ki, azərbaycanlılar qanunsuz saxlanılaraq ağır işgəncələrə məruz qalıb və kütləvi şəkildə basdırılıb. Vətəndaşlarımıza qarşı törədilən zorakılıq, onların vəhşicəsinə qətlə yetirilməsi heç bir insanlığa, heç bir çərçivəyə sığmır. Uzun illər Ermənistan hesab edirdi ki, onun belə qanunsuz əməlləri cəzasız qalacaq. Bu ölkə beynəlxalq hüquq normalarına zidd olan qanunsuz hərəkətlərinə görə cavab verməlidir. Nürnberq prinsiplərinə görə, insanlığa qarşı cinayət, müharibə cinayəti, dünyada sülhə qarşı törədilən cinayətə görə səbəbkar cəzalanmalıdır”, - deyə R.İsgəndərli diqqətə çatdırıb.
Onun sözlərinə görə, Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, beynəlxalq hüquq normalarının pozulması müharibə cinayəti sayılır. Eyni zamanda, müharibə qaydalarına görə, Haaqa Konvensiyasında mülki əhaliyə, əsir və girovlara qarşı törədilən cinayətlər də müharibə cinayətidir.
“İnanırıq ki, dinc azərbaycanlı əhaliyə - girovlara və hərbçilərimizə qarşı törətdikləri əməllərə görə cinayətkarlar sonunda öz cəzalarını alacaqlar”, - deyə Ramil İsgəndərli qeyd edib.

Siyasət 2023-06-03 21:26:00