×
A
A
A
Sazlamalar

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıda keçirilən dünya çempionatını izləyib

Bakı, 3 iyun, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax taekvondo üzrə dünya çempionatını izləmək üçün Bakıya gəlib. Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəsmiləri ilə görüşən prezidentə ölkəmizdə taekvondonun hazırkı durumu barədə məlumat verilib, idmanın bu növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Görüş zamanı Tomas Bax Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu deyib.
AZƏRTAC xəbər verir ki, qonaqlar “Baku Crystal Hall”da ilk olaraq Dünya Taekvondo Federasiyasının stendi ilə tanış olub, digər stendlər və məhsulları nəzərdən keçiriblər. Atletlərlə görüşün ardından komitə prezidenti dövlət rəsmiləri ilə birlikdə “Demo Team”in əvəzolunmaz şousunu izləyib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.



 

İdman 2023-06-03 19:47:00