×
A
A
A
Sazlamalar

Ermənistanla sülh müqaviləsi istiqamətində işlər sürətləndikcə, İranın aqressivliyi daha da artır - Ekspert

Bakı, 3 iyun, AZƏRTAC

Yenicə müstəqillik əldə etmiş Azərbaycan dövləti hər zaman dünya azərbaycanlılarının qürur mənbəyi və mərkəzi hesab edilib. Çox təəssüflər olsun ki, bəzi dövlətlər müstəqil Azərbaycanın gələcəyi, onun inkişafı baxımından xain planlar hazırlayır. Bu planların həyata keçirilməsi isə casus şəbəkələrindən istifadə etməklə reallaşdırmağa çalışır. İndiki halda Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görünür. İranın Azərbaycanda yetərincə casus şəbəkələri var. Bu şəbəkələr vasitəsilə lazımi məlumatları ələ keçirilməyə çalışır. İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir. Ona görə də məhz azərbaycanlı tələbələrin İranda saxlanılması, gəncləri öz məkrli işlərinə cəlb etmək planı ilə bizi ittiham etməyə çalışırlar. İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar.
Yəni azərbaycanlı gəncin İranda hansısa casusluq etməkdə günahlandırılması absurddur. Çünki Azərbaycan gəncləri hər zaman Vətənə sədaqət, qonşuluq siyasətinə və dəyərlərinə qiymət verirlər. Bundan başqa, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və digər qurumlar tələbə gənclərin bu işə cəlb edilməsinin yolverilməz olmasını yaxşı bilir. Gənclərin həyatını korlamaq, onları bu cür fəaliyyətə yönəltmək üçün heç bir əsas yoxdur. Vətən müharibəsi dövründə də, onda əvvəl də İranın Azərbaycana olan qarşılıqlı münasibətləri anlaşılmaz səviyyədə idi. İranın Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasəti mövcuddur. İran həmişə Ermənistanın yanında olub və 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, ondan sonrakı dövrdə bu açıq müstəviyə keçdi. Ermənistanla sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi artdıqca, sülh yaxınlaşdıqca, İranın aqressivliyi daha da artır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.
Onun sözlərinə görə, heç bir tələbə İranda siyasi fəaliyyətlə məşğul olmur. Belə sual meydana gəlir, niyə İran Azərbaycanda casus şəbəkəsinin qurulmasında maraqlıdır və İranda Azərbaycan casuslarının axtarışındadır. İran-Azərbaycan qarşıdurmasını hansı amillər şərtləndirir. Axı İran həm də bizim üçün müsəlman ölkəsi sayılır. İranda çoxsaylı azərbaycanlı yaşayır. Hazırkı İran dövlətinin mövcudluğunda oradakı azərbaycanlıların böyük əməyi vardır. Vətən müharibəsindən sonra İranın açıq-aşkar Ermənistana dəstək göstərməsi, bu ölkədə müharibə nəticəsində yaralanan şəxslərə kömək göstərməsi, Zəngəzurda konsulluğun açılması, pilotsuz uçuş aparatları zavodunun yaradılması və İran generallarının, hətta səfirinin Azərbaycan-Ermənistan sərhədinə gəlməsi qonşu dövlətin müstəqilliyimizə birmənalı yanaşmadığını göstərir. Bu yanaşmada isə İran özü Azərbaycandakı dini radikal qurumlara təsir göstərməyə çalışır. Bizim ora səfər edən vətəndaşlarımızın həyatlarını təhlükəyə atır. Bir gəncin həyatı bu cür təhlükədə olarsa, o zaman Azərbaycan gəncləri heç zaman İrana səfər etməyəcək. Nəticə ondan ibarətdir ki, İran təhlükəli ölkədir, oraya səfər etmək vətəndaşlarımız üçün ciddi problemlərə səbəb ola bilər. Adətən belə düşmən münasibətilə seçilən ölkələrə vətəndaşların səfərləri qadağan olunur və bununla bağlı cəza tədbirləri görülür.
Ekspert bildirib ki, Azərbaycan gənclərinin təhsilindən başqa, Bakı Dövlət Universitetində işləmiş nadir, fundamental biliyə malik olan alim Rəşid Əliyevlə bağlı məsələni xatırlatmaq yerinə düşərdi. 2008-ci ildə Rəşid Əliyevin ixtiralarına, yazılarına nəzarət edən İran hakimiyyəti bu və ya digər yolla Rəşid müəllimi İrana aparmağa nail olurlar. O zamanlar lazerin ixtirası ilə bağlı layihələrin verilməsi Rəşid Əliyevin Azərbaycan ziyalısı olaraq İran tərəfindən birdəfəlik saxlanması üçün zəmin yaradacaq şərait axtarılırdı. İrana səfər edən Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı digər faktlar da mövcuddur.
“İran rejiminin İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri, Vətən savaşı iştirakçılarının ailələrinin dini dəvətlə bu ölkəyə aparması və orada onların əqidəsinə təsir göstərməsi və daha sonra Azərbaycanda casusluq şəbəkəsinin qurulmasına xidmət edən planları vardır. Buna görə də Azərbaycandan İrana səfər edən gəncləri də onlar bu cür adla həbs edirlər.
Hazırda sərhədlərimiz bağlı olsa da, bəzi vətəndaşlarımız oraya üçüncü ölkələr vasitəsilə səfər edirlər. İrana səfər edən, ictimai mühitdə tanınan hər hansı elmi ixtirası olan azərbaycanlıların İrana keçdikdən sonra orada onlarla bağlı hər hansı işin, söhbətlərin aparılması prosesləri davamlıdır və ardıcıl həyata keçirilir. Nəticə etibarilə vətəndaşlarımız həyatlarını riskə atırlar.
Maraqlı fakta toxunmaq istəyirəm ki, İslam ölkəsi olan İran işğal altında qalmış ərazilərimizdə 60-dan çox məscidimizin bərpa edilməsi və qorunması ilə bağlı heç bir tədbir görmədi və addım atmadı. Lakin Ermənistana açıq-aşkar dəstəyini gizlətməkdən çəkinməyən İran artıq Azərbaycanın quru sərhədləri ətrafında təlimlər keçirirdi”, - deyə ehtiyatda olan polkovnik-leytenant vurğulayıb.

 

Cəmiyyət 2023-06-03 19:28:00