×
A
A
A
Sazlamalar

Ermənistanla sülh sazişi istiqamətində imkanlar artdıqca, molla rejiminin aqressivliyi çoxalır

Bakı, 3 iyun, AZƏRTAC

İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini bir daha açıq-aydın nümayiş etdirir.
2008-ci ilin oktyabrında azərbaycanlı alim Rəşid Əliyev də İran hökuməti tərəfindən əsassız olaraq həbs edilmişdi. Yəni, bu, ilk hadisə deyil. İrana səfər edən Azərbaycan vətəndaşları davamlı olaraq incidilir və həbs olunurlar.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
İranın təhlükəli ölkə olduğunu bildirən deputat bu ölkəyə səfər etməyin vətəndaşlarımız üçün ciddi problemlərə nail ola biləcəyini qeyd edib: “Birmənalı olaraq İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir və ciddi çətinliklərlə üzləşirlər, problemlər yaşamağa məcbur olurlar. Görünən odur ki, Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görünür. Bütün bunları əsas götürərək vətəndaşlarımıza İrana səfər etməmək tövsiyə olunur. Hazırda sərhədlərimiz bağlı olsa da, bəzi vətəndaşlarımız ora üçüncü ölkələr vasitəsilə səfər edirlər. Bu, çox təhlükəli addımdır. Hər birimiz diqqətli olmalıyıq”.
Qonşu İranın Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasəti yürütməsindən təəssüfləndiyini bildirən Ceyhun Məmmədov deyib: “Biz bu düşmənçiliyi dinimizdən olan bir ölkənin Ermənistanın yanında olmasını həm 44 günlük müharibə zamanı, həm də sonrakı dövrdə gördük. Ermənistanla sülh sazişinin imzalanması istiqamətində imkanlar artdıqca, molla rejiminin aqressivliyi daha da çoxalır. Nəzərə almaq lazımdır ki, adətən, belə düşmən münasibətilə seçilən ölkələrə vətəndaşların səfərləri qadağan olunur və bununla bağlı cəza tədbirləri görülür. Məsələn, ABŞ və Yaponiya vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan ediblər. Gələcəkdə Azərbaycan da bu məsələyə baxa bilər”.

Siyasət 2023-06-03 17:47:00