×
A
A
A
Sazlamalar

Hindistanda qatar qəzasında ölənlərin sayı 290-a çatıb

Pekin, 3 iyun, AZƏRTAC

Hindistanın Odişa ştatında iki sürətli sərnişin və bir yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 290-a yüksəlib, təxminən 900 nəfər xəsarət alıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, Baş nazir Narendra Modi gün ərzində hadisənin baş verdiyi əraziyə və xəstələrin müalicə aldığı tibb ocaqlarına baş çəkəcək. Ölkənin dəmir yolu naziri Aşvini Vaişnau isə hadisənin dərindən araşdırılacağını açıqlayıb.
Qeyd edək ki, hadisə iyunun 2-də yerli vaxtla axşam saat 19:20 radələrində Balasor rayonunun Bahanaqa stansiyası yaxınlığında baş verib. Kolkatadan Çennay şəhərinə gedən sərnişin qatarı relsdən çıxaraq əks istiqamətdəki Benqaluru-Hovrah sərnişin qatarı və dəmir yüklü qatara çırpılıb. Ekspertlər qəzanın texniki səbəbdən, habelə işarəvermə sisteminin çalışmamasından baş verdiyini ehtimal edir. Qəzadan sonra 49 qatarın hərəkəti dayandırılıb, 38 qatar başqa istiqamətə yönləndirilib.
Hadisə yerinə 9 xilasetmə qrupu, habelə xeyli sayda polis, tibb işçisi, texnika cəlb edilib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin və xəsarət alanların sayının yüksələ biləcəyi ehtimal edilir. Hökumət ölənlərin ailələrinə və xəsarət alanlara maddi yardım edəcəyini açıqlayıb. Odişa ştatında birgünlük matəm elan olunub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-06-03 15:40:00