×
A
A
A
Sazlamalar

Xərçəngin qan analizi ilə aşkar edilməsi üzrə yeni metod yaxşı nəticələr verir

Bakı, 3 iyun, AZƏRTAC

Xərçəng xəstəliyinin qan analizinin köməyi ilə diaqnostikası metodunun sınaqdan keçirilməsi yaxşı nəticələr vəd edir. Bu barədə layihə üzərində çalışan Britaniya və ABŞ alimlərindən ibarət komanda məlumat verib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, yeni tədqiqat barədə 2020-ci ilin yazında elan edilib. Alimlər ümid edirlər ki, sadə qan analizinin köməyi ilə onkoloji xəstəliklərin 50-dən çox növünü erkən mərhələdə - hələ simptomların əmələ gəlməsindən əvvəl aşkar etmək mümkün olacaq. Genişmiqyaslı sınaqlar 2021-ci ildə Britaniya və ABŞ-da başlayıb.
Britaniyalı alimlər bildirirlər ki, test simptomların əmələ gəlməsi şübhəsi ilə ümumi praktika həkimlərinin müayinə etdikləri beş min insanın arasında hər üç nəfərdən ikisində xərçəngi aşkar edib. Həmçinin şişin nəzarət altına alınması 85 faiz düzgün müəyyən olunub.
“Qalereya” adlandırılan testin mexanizminin xüsusiyyəti ondan ibarətdir ki, o, DNT genetik kodunda şişdən qana keçən kimyəvi dəyişikliyin əlamətlərini axtarır.
Alimlər vurğulayırlar ki, metodika üzərində iş hələ başa çatmaqdan uzaqdır, lakin sınaqların ilk mərhələsindən sonra xilas edilən pasiyentlərin sayının artacağını söyləmək olar. Bu test, həmçinin həyata keçiriləcəyi ölkələrdə səhiyyə sisteminin yükünü azaldacaq.
Buna misal gətirən Oksford Universitetinin alimləri deyirlər ki, hazırda çəkinin itirilməsi kimi simptomla həkimə müraciət edən pasiyent kompleks müayinədən keçməli və öz vəziyyətini müəyyən etmək üçün bir sıra analizlər verməlidir. Alimlər ümidvardırlar ki, “Qalereya”nın köməyi ilə bütün bu ən təhlükəli səbəbi aradan qaldırmaq mümkün olacaq.
Hərçənd, hazırda analizin mənfi nəticəsi orqanizmdə xəstəliyin olmadığına dair 100 faizlik qarantiya vermir: sınaqlarda iştirak edən və testin xərçəng olmadığını göstərən pasiyentlərin 2,5 faizində sonradan ənənəvi diaqnostika metodlarının - skan və biopsinin köməyi ilə şiş aşkarlanıb. “Qalereya”nı hazırlayan alimlər bu nöqsanın aradan qaldırılmasını layihə üzərində gələcək çalışmanın prioriteti hesab edirlər.
Test xərçəngin baş və boyun, bağırsaq, mədəaltı vəz, ağciyər, qalxanvari vəz və boğaz kimi çətin aşkarlanan növlərində daha effektlidir. Sınaqların ilkin nəticələri sonradan xüsusi hesabatda göstəriləcək, lakin alimlər artıq indidən testin uğurlu olduğunu bildirirlər.

Səhiyyə 2023-06-03 15:18:00