×
A
A
A
Sazlamalar

Xaçmazda təşkil olunan qəbul imtahanlarında 600-dən çox abituriyent iştirak edib

Xaçmaz, 3 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda şimal bölgəsindən 616 abituriyent biliyini sınayıb. IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul, həmçinin I qrup üzrə altqrupların hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanlar Xaçmaz şəhərində 3 mərkəzdə təşkil edilib.
DİM-in Xaçmaz regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xaçmaz şəhərində keçirilən imtahanlara 63 nəzarətçi müəllim və 11 imtahan rəhbəri cəlb olunub. İmtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
İmtahan Xaçmazla yanaşı, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan və Lənkəranda da təşkil olunub.

Regionlar 2023-06-03 14:25:00