×
A
A
A
Sazlamalar

Anar Əliyev: Əmək bazarına daxil olan şəxsin bilik, bacarıq və kvalifikasiya səviyyəsi önəmlidir

Bakı, 3 iyun, AZƏRTAC

Əmək bazarının tənzimlənməsi, əhalinin məşğulluğunun təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran əsas məsələlərdən biridir. 2018-ci ildən başlayaraq nazirlik sistemində geniş islahatlara yer verilib. Ölkə başçısının siyasi iradəsi nəticəsində dörd iri sosial islahat paketi həyata keçirilib. 6.8 milyard manatlıq dəstək tədbirləri reallaşıb və bundan 4 milyona yaxın vətəndaşımız yararlanıb. İslahatlar nəticəsində əmək bazarında da ciddi irəliləyişlər olub. Ötən müddət ərzində minimum əməkhaqqında 2.7 dəfə artım əldə etmişik. Orta aylıq əməkhaqqında 60 faizdən çox artım var və 1000 manata yaxınlaşacağı proqnozlaşdırılır. Ölkədə əməkhaqqı fondu da 2.5 dəfədən çox artıb. Leqal əməkhaqqı fondu 2018-ci ildə 8 milyard manat idisə, indi 18 milyard manata yaxındır. Bu, sosial rifahın yüksəlməsi deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev İnsan Resursları və İdarəetmə Forumunda deyib.
O, bildirib ki, işçi qüvvəsi baxımından da nazirlik tərəfindən xeyli işlər görülüb: "Əhalinin məşğulluğunun təmin olunması üçün ilkin şərt şəxsin əmək bazarına daxil olarkən onun bilik, bacarıq və kvalifikasiya səviyyəsidir. Təhlillər onu göstərir ki, əmək bazarına daxil olan şəxslər arasında ali təhsil, orta ixtisas təhsili, peşə təhsili olanların növbəti dövrlərdə işədüzəlmə, uğurlu karyera qurmaq imkanları ixtisassız şəxslərə nisbətən daha böyükdür. Nazirlik olaraq əsas hədəfimiz əmək bazarına ixtisassız şəxslərin daxilolma planlarının maksimum azaldılmasıdır. Digər istiqamət isə əmək bazarına daxil olan işçi qüvvəsinin bilik və bacarıqlarının beynəlxalq əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Bununla əlaqədar olaraq nazirlik tərəfindin peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı mexanizm qurulub".

Sosial 2023-06-03 14:06:00