×
A
A
A
Sazlamalar

Ülvi Mehdiyev: "ASAN xidmət"in uğurlarının əsasında komanda işi və əməkdaş məmnuniyyəti dayanır

Bakı, 3 iyun, AZƏRTAC

On il əvvəl "ASAN xidmət"in yaradılması Prezident İlham Əliyevin idarəetmə, dövlət xidmətləri sahəsində ciddi bir islahatı idi. Əsas prinsiplər də şəffaf, operativ, nəzakətli qaydada xidmətləri vətəndaşlara çatdırmaq idi. Bu prinsiplərin də hədəfi vətəndaş məmnuniyyətini təmin etmək idi. Vətəndaş məmnuniyyətini əldə etmək üçün ilk növbədə əməkdaş məmnuniyyətini təmin etmək lazımdır. Hazırda "ASAN xidmət" Azərbaycan brendinə çevrilib və 17 ölkəyə ixrac olunub. Bu gün "ASAN xidmət" uğur qazana bilibsə, vətəndaş məmnunluğu 99 faizdən yuxarıdırsa bunun əsasında komanda işi və əməkdaş məmnuniyyəti dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İnsan Resursları və İdarəetmə Forumunda çıxışı zamanı deyib.
"Əgər əməkdaş təşəbbüskarlığına görə mükafatlandırılırsa, daim özünü inkişaf etdirməyə təşviq edilirsə və onun fəaliyyəti qiymətləndirilirsə, bu zaman əməkdaş məmnuniyyəti yaranır və bu da vətəndaşa sirayət edir. Bir çox korporativ şirkət və təşkilatlarda belə bir yanaşma var: orada işçinin məmnunluğu əsasdır. Bu zaman əməkdaşlar təşkilata doğma münasibət bəsləyir, nəticədə həm özünə həm də təşkilata fayda vermiş olur. Eyni zamanda, müəyyən sahə üzrə peşəkar olan insan həmin mühitə can atır və işlədiyi şirkətdən başqa bir yerə getmək haqqında düşünmür. Bu baxımdan düşünürük ki, on il ərzində "ASAN xidmət"də komanda ruhuna nail olunubsa, bu düzgün insan resursları siyasətinin nəticəsidir.
Əməkdaşların biliklərinin innovativ bacarıqlarının artırılması bizim üçün vacibdir. Odur ki, "ASAN xidmət" yarandığı gündən burada təlim institutu formalaşdı. Təlimlərsiz “ASAN xidmət” əməkdaşı fəaliyyətə başlaya bilməz. Əməkdaşların bacarıqlarının təkmilləşdirilməsi "ASAN xidmət"in inkişafı deməkdir", - deyə Ü.Mehdiyev bildirib.

 

Sosial 2023-06-03 13:38:00