×
A
A
A
Sazlamalar

KİV: Sudan ordusu Xartuma əlavə qüvvələr yeridir

Bakı, 3 iyun, AZƏRTAC

Çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) ilə humanitar atəşkəs barədə imzaladıqları sazişə baxmayaraq, Sudan ordusu öz qüvvələrini Xartuma toplayır. Atəşkəsin müddəti bu axşam başa çatacaq.
AZƏRTAC Al-Hadath telekanalına istinadla xəbər verir ki, Sudan ordusunun dəstək qüvvələri yaxın zamanlarda Xartumun mərkəzi rayonunda hərbi əməliyyatlara başlayacaq.
Səhər saatlarından etibarən Xartumda partlayış səsləri eşidilməyə başlayıb, paytaxtın qərbində isə tərəflər arasında ağır silahlardan istifadə olunmaqla şiddətli döyüşlər gedir. Omdurman şəhəri də artilleriya zərbələrinə məruz qalıb.
Mayın 31-də Sudan ordusu Ciddədə keçirilən danışıqlarda iştirakını dayandırdığını elan edib. Buna xüsusi təyinatlıların öz qüvvələrini xəstəxanalardan və yaşayış binalarından çıxarmaqdan imtina etməsi səbəb olub. Sonradan Səudiyyə Ərəbistanı və ABŞ “tərəflərin öz fəaliyyətləri ilə atəşkəsə əməl edəcəklərini göstərənədək” məsləhətləşmələrin dayandırıldığı barədə birgə bəyanat veriblər.

 

Dünya 2023-06-03 13:30:00