×
A
A
A
Sazlamalar

Tbilisi Dövlət Opera və Balet Teatrında Ümummilli Liderin yubileyinə həsr olunmuş qala-konsert təşkil edilib

Tbilisi, 3 iyun, AZƏRTAC
İyunun 2-də Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qala-konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Paşa Bank”ın Gürcüstan filialının, SOCAR-ın Kulevi Terminalının, “Dapna” və “AS Georgia” şirkətlərinin, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Konsertə gələn qonaqlara Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Heydər Əliyev 100: firavanlığın memarı” kitabı təqdim olunub.
Binanın ikinci mərtəbəsindəki sərgi salonunda isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən Gürcüstana səfərlərini və keçirdiyi tarixi görüşləri əks etdirən fotosərgi açılıb.
Konsertdən əvvəl çıxış edən səfir Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixindən söz açıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ikitərəfli münasibətlərin yeni müstəvidə daha da inkişaf edərək möhkəmləndiyini bildirib.
Diplomat Ulu Öndərin musiqiyə, incəsənətə və mədəniyyət xadimlərinə daim diqqət və qayğı göstərdiyini qeyd edib, Tbilisi Dövlət Opera və Balet Teatrında belə bir möhtəşəm konsertin təşkilini fenomen şəxsiyyət, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin xatirəsinə yüksək ehtiramın əyani sübutu kimi dəyərləndirib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında ölkələrimiz arasındakı əməkdaşlığın hazırkı səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini vurğulayıb, Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərə görə təşəkkürünü bildirib.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili çıxışında deyib ki, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı və mehriban qonşuluq əlaqələri dinamik inkişaf edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi böyük siyasətçi adlandıran nazir deyib ki, Ulu Öndər ömrünü xalqa xidmətə həsr edib. L.Davitaşvili Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etməkdən böyük qürur duyduğunu vurğulayıb.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış edərək, Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində mədəniyyətin inkişafında, mədəni irsin qorunmasında, mədəni abidələrin bərpasında və yenidən qurulmasında mühüm rol oynayır. Heydər Əliyev Fondu qonşu və dost Gürcüstanda da bir sıra mədəni layihələr həyata keçirib.
Sonra konsertdə Tbilisi Dövlət Opera və Balet Teatrının orkestri Azərbaycanın Xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə çıxış edib. Orkestr əvvəlcə Niyazinin və Fikrət Əmirovun bəstələrini məharətlə ifa edib.
Tanınmış gürcü opera müğənnisi Tamuna Çeqanata, pianoçu Elisa Volkvadze, Azərbaycanın tanınmış mədəniyyət ustaları Elvina Həsənova, Xalq artisti Samir Cəfərov, kamança ustası Elnur Mikayılov, muğam ifaçıları Mirələm Mirələmov, Kamilə Nəbiyeva Azərbaycan bəstəkarlarının mahnı və bəstələrini ifa ediblər.
M.Mirələmovun və K.Nəbiyevanın ifa etdikləri “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi coşqu və alqışlarla qarşılanıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2023-06-03 13:21:00