×
A
A
A
Sazlamalar

Argentinalı yazıçının Azərbaycan dilinə tərcümə olunmuş “Gözlərindəki sirr” kitabının təqdimatı olub

Bakı, 3 iyun, AZƏRTAC

Argentinanın Azərbaycandakı səfirliyi və “Qanun” Nəşriyyat Evinin təşəbbüsü ilə Eduardo Saçerinin “Gözlərindəki sirr” kitabının təqdimatı keçirilib. Argentinanın tanınmış yazıçısı Eduardo Saçeri “Zoom” platforması vasitəsilə Bakı Fotoqrafiya Evində keçirilən təqdimata qatılıb.
AZƏRTAC xəbər verir ki, romanı dilimizə Azərbaycan Dillər Universitetində ispan dili tədris edən baş müəllim Aytən Əliyeva tərcümə edib.
Kitabın təqdimat mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yazıçılar və media təmsilçiləri iştirak ediblər.
Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi tədbir iştirakçılarını salamlayaraq, onların ölkəsinə, xüsusən də məşhur yazıçı Eduardo Saçerinin yaradıcılığına olan sevgilərindən məmnunluğunu ifadə edib.
Səfir “Gözlərindəki sirr” əsərini argentinalı yazıçı Eduardo Saçerinin 2005-ci ildə yazdığını və 2009-cu ildə həmin detektiv roman əsasında eyniadlı film çəkildiyini bildirib. Qeyd edib ki, bu ekran əsəri 2010-cu ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskar qazanan ikinci Argentina filmidir.
Xanım Marianxeles Belluşi romanın Azərbaycan dilinə nəşrinin Argentina Xarici İşlər Nazirliyinin bir neçə ildir həyata keçirdiyi Tərcümələrə Dəstək Cənub Proqramı (və ya PROSUR) sayəsində mümkün olduğunu söyləyib. Qeyd edilib ki, PROSUR milli müəlliflərin ispan dilində nəşr olunan əsərlərinin istənilən dilə tərcüməsi üçün subsidiyalar verməklə, Argentina düşüncəsinin və ədəbiyyatının bütün dünyada yayılmasını təşviq etmək məqsədi daşıyır.
Daha sonra “Qanun” nəşriyyatının direktoru, tərcüməçi-yazar Şahbaz Xuduoğlu çıxışında deyib ki, insanlar gedə bilmədikləri yerə kitab, sənət gedə bilir, sənətin, ədəbiyyatın da qüdrəti bundadır.
Tədbirin təşkilinə görə Argentina səfirliyinə təşəkkür edən Azərbaycan Dillər Universitetində ispan dili tədris edən baş müəllim, tərcüməçi Aytən Əliyeva əsərin tərcüməsi zamanı üzləşdiyi çətinliklərdən danışıb, onu ana dilimizə çevirməkdən məmnun olduğunu bildirib.
“Ümid edirəm ki, Azərbaycan oxucularını Argentina ədəbiyyatına və mədəniyyətinə yaxınlaşdıra bilmişəm. Hesab edirəm ki, bu tip romanlar Azərbaycan oxucularının marağındadır və Argentina səfirliyinin “Qanun” nəşriyyatı ilə birgə bu təşəbbüsü təqdirəlayiqdir”,- deyə Aytən Əliyeva bildirib.
Tədbir sual-cavab formatında davam edib.
Xatırladaq ki, Eduardo Saçerinin Azərbaycan dilinə tərcümə edilmiş “Gözlərindəki sirr” kitabının təqdimatı V Milli Kitab Festivalı çərçivəsində keçirilib.

Mədəniyyət 2023-06-03 13:17:00