×
A
A
A
Sazlamalar

Bit-birənin qənimi olan ətirşah ətri

Bakı, 3 iyun, AZƏRTAC
Dekorativ bitki kimi istifadə edilən ətirşahın 280 növü var və əsasən cənubi Afrikada geniş yayılıb.
AZƏRTAC elmi saytlara istinadla xəbər verir ki, adından da göründüyü kimi, çox ətirli bitki olan ətirşahın yarpaqlarını ovxaladıqda əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ətirşahdan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.
İnsan əlinə bənzəyən ətirşah yarpaqları çox gözəldir. Onu həmişə gur işıqlı yerdə qoymaq, qış fəslində isə süni işıqlandırmadan-fitolampalardan istifadə edilməlidir.
Ətirşahın bitdiyi torpaq yumşaq və münbit olmalıdır, bitki drenajlanmış torpağı çox sevir. Onun köklərinin çürüməməsi üçün bitdiyi torpaq mütəmadi drenajlanmalıdır. Bəzi ətirşah növləri turş, zəif turş və neytral torpaqlarda bitir. Əgər həyətyanı sahədə istixana varsa, onun torpağından götürüb bir qədər qum qatmaqla ətirşah üçün qidalı mənbə yaratmaq olar. Çiçəkləmə dövründə ətirşahın torpağına fosfor, azot və kaliumla zəngin olan gübrələr verilir.
Ətirşahın bitdiyi torpağın quruduğunu gördükdə dərhal sulamaq lazımdır, lakin onun ətrafının həddən artıq rütubətli olmasına yol vermək olmaz. Hədsiz çox sulama onu soldura bilər və ya çiçəkləmə dayanar. Qış aylarında isə ətirşah çox sulanmamalıdır. Quraqlığa davamlı olduğuna görə ətirşahın yarpaqlarını yumaq lazım deyil.
Ətirşahı toxumla çoxaltmaq olar. Lakin daha yaxşı üsul üzərində zoğ və ya tumurcuq olan kökümsovlar vasitəsilə yetişdirməkdir. Çoxalmanı payız və erkən yaz fəslində aparmaq lazımdır.
Bəzən ətirşahda külləmə xəstəliyinə rast gəlinir. Bundan qaçmaq üçün çiçəklədikdən sonra və ya solmağa, təravətini itirməyə başladığı dövrdə bitki kəsilməlidir. Yarpaqlarında qonur ləkələr əmələ gəlibsə, deməli, bitkidə göbələk xəstəliyi var. Bunun üçün həmin zədəli yarpaqları dərhal kəsib yandırmaq lazımdır.

Sağlamlıq klubu 2023-06-03 12:59:00