×
A
A
A
Sazlamalar

Aİ Qırğızıstanda bərpaolunan enerjinin inkişafına investisiya qoymaq istəyir

Bakı, 3 iyun, AZƏRTAC

Avropa İttifaqı Qırğızıstanda bərpaolunan enerjinin inkişafına investisiya qoymağa hazırdır və Bişkek enerji sahəsində Brüsselin dəstəyinə güvənə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqların gedişində bildirib.
“Düşünürük ki, potensialınızın gücləndirilməsi və genişləndirilməsi üzərində çalışmaq vacibdir. Sizin bərpa olunan enerji mənbələrindən istifadə edəcəyinizdən məmnunuq. Avropa İttifaqı dünya arenasında bu istiqamətdə lider olduğu üçün Brüsselin yardımına güvənə bilərsiniz”, - deyə Avropa İttifaqı Şurasının prezidenti vurğulayıb.
Şarl Mişel, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bu sahəyə investisiya yatırmağa hazır olduğunu əlavə edib. Prezident Sadır Japarov isə öz növbəsində deyib ki, Avropa İttifaqının Qırğız Respublikasına və regiona göstərdiyi diqqət Brüssellə tərəfdaş münasibətlərinin inkişafı və gücləndirilməsi üçün Bişkekə əlavə stimul verir.
Qırğızıstanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar 2017-ci ildə başlayıb. 2019-cu ildə tərəflər arasında yeni əməkdaşlıq sazişi paraflanıb. Bu sənədin 1999-cu ildə qüvvəyə minən sazişi əvəzləməsi planlaşdırılır. Yeni sazişdə siyasi əməkdaşlığa, ticarət və investisiya əlaqələrinə, davamlı inkişafa dəstək üzrə iqtisadi əməkdaşlığa və ikitərəfli münasibətlərin digər aspektlərinə diqqət yetiriləcək.

Dünya 2023-06-03 12:40:00