×
A
A
A
Sazlamalar

Məleykə Abbaszadə: Yeniyetmələrlə bağlı proqram hazırlanır

Bakı, 3 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə yeniyetmələrlə bağlı professionalyönümlü işə aid layihə hazırlayır. Uzun illər xüsusi psixometrik testlər üzərində işləmişik və 5 mindən çox 14-17 yaşlı uşaq həmin testlərdən keçib. Testlərin nəticəsi əsasında təkmilləşdirmə aparıb hansısa bir proqram təminatı hazırlayıb məktəblərə vermək istəyirik. Məqsəd odur ki, 7-8-ci sinifdən başlayaraq yeniyetmələr özlərini dərk etsin, gələcəkdə hansı sahədə daha uğurlu inkişaf etmək potensialının olduğu barədə məlumatlı olsunlar. Bu, real, konkret bir layihədir. Həmin layihə ilə əlaqədar işçilər müxtəlif rayonlarda testlər keçirirlər. Testlərin nəticələrini Elm və Təhsil Nazirliyinə təqdim edəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları və İdarəetmə Forumunda çıxışı zamanı deyib.
“İndiki 17 yaşında uşaqlar əmək bazarında tələbata görə ömür boyu beş dəfə ixtisasını dəyişməli olacaq. Bu, elmi cəhətdən də sübut olunub. Adaptasiya, ömür boyu öyrənmək, yeniliyə açıq olmaq vacibdir. Bunu indiki gənclərə aşılaya bilsək, bu, bizim qələbəmiz olacaq. Hazırda əmək bazarında paradoksal vəziyyət yaranıb. İş yerləri var və yüksək səviyyəli mütəxəssislər tələb olunur. Gənclərin əksəriyyəti hesab edir ki, onlar mütəxəssisdir və yüksək səviyyəli iş yerləri ilə təmin olunmalıdır. Onların əksəriyyəti həmin yerlərə seçilə bilməzlər. Çünki həmin mövqelərdə olan tələblər gənclərin çoxunda yoxdur. Gənclər üzərlərində işləməlidirlər ki, həmin vəzifəyə uyğun olsunlar. Odur ki, ali məktəbdə oxuyan zaman işləmək istədiyin sahədə tələbləri bilmək lazımdır. Sevindiricidir ki, universitetlərdə karyera mərkəzləri yaradılıb və gənclərə bu istiqamətdə töhfə verir”, - deyə M.Abbaszadə bildirib.

Sosial 2023-06-03 12:12:00