×
A
A
A
Sazlamalar

ICESCO Rabatdakı kitab sərgisində üzv ölkələrin iştirakı ilə silsilə tədbirlər keçirir

Bakı, 3 iyun, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən 28-ci Kitab və Nəşriyyat Sərgisində təşkilata üzv ölkələrin nümayəndələrinin iştirakı ilə 50 mədəniyyət və incəsənət tədbiri təşkil edir.
Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, sərginin açılış mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik tədbirlərini əksəriyyətinin bu il elan edilmiş “Gənclər İli” çərçivəsində təşkil olunduğunu deyib. Onun sözlərinə görə, proqrama bir sıra üzv dövlətlərdən gəlmiş görkəmli ziyalılar, yazıçılar və şairlərlə görüşlər, həmçinin onların iştirakı ilə aktual mədəni və intellektual problemlərə dair mühazirələr və mütaliələr daxildir. Açıq diskussiyalarda İslam dünyası ədiblərinin son nəşrləri ətrafında müzakirələr də aparılacaq. ICESCO, həmçinin gündəlik müsabiqələr təşkil edəcək və qaliblərə mükafatlar veriləcək. Bunlarla yanaşı, üzv ölkələrdən gəlmiş incəsənət kollektivlərinin və artistlərin çıxışları da təşkil olunur.
Baş direktor diqqətə çatdırıb ki, pavilyonda təşkilatın bir sıra layihə və təşəbbüsləri, xüsusən ICESCO-nun baş qərargahında Hz.Peyğəmbərin həyatından bəhs edən İslam Sivilizasiyası Sərgisi və Muzeyinin eksponatlarını əks etdirən videoçarxlar da nümayiş olunur. Bundan başqa, pavilyonda uşaqların yazı yazması, nağıl söyləməsi və rəsm çəkməsi üçün xüsusi məkan da yaradılıb. İstedadlı uşaqların, habelə məhdud fiziki imkanları olan azyaşlıların uğurlarını nümayiş etdirmək üçün bir sıra tədbirlər də təşkil edilir.

Mədəniyyət 2023-06-03 10:42:00