×
A
A
A
Sazlamalar

ATƏT-in sədri Kosovoda yeni seçkilərin keçirilməsinə çağırıb

Bakı, 3 iyun, AZƏRTAC

Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri Buyar Osmani Kosovonun şimalındakı 4 rayonda yeni bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı çağırışları dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, o tvitter səhifəsində yazıb: “Mən yeni bələdiyyə seçkiləri, Kosovo serblərinin strukturlara qayıtması və razılaşmaların tam icrası ilə bağlı ümumi çağırışlara qoşuluram”. Osmani Aİ-nin himayəsi altında dialoqu dəstəklədiyini vurğulayıb və ATƏT-in yardım göstərməyə hazır olduğunu qeyd edib.
Mayın 26-da Kosovo polisinin xüsusi təyinatlı dəstələri Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində inzibati binaları zəbt etdikdən sonra Kosovonun şimalındakı və Metoxiyadakı serb bələdiyyələrində vəziyyət gərginləşib. Təhlükəsizlik qüvvələri serb əhalisinin boykot etdiyi seçkilərdə qalib gələn bələdiyyə başçılarının vəzifəyə başlamasını təmin etməyə çalışıb. Mayın 29-da NATO-Kosovo Qüvvələri (KFOR) yerli sakinlərin etirazlarına və baş verən toqquşmalara görə inzibati binaları mühasirəyə alıb. Toqquşmalarda 52 serb, NATO missiyasının isə 40-dan çox əsgəri yaralanıb.

Dünya 2023-06-03 07:50:00