×
A
A
A
Sazlamalar

Bayden İngiltərə və Danimarkanın Baş nazirləri ilə “F 16”-ların tədarükü məsələsini müzakirə edəcək

Bakı, 3 iyun, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden gələn həftə Britaniya və Danimarkanın Baş nazirləri ilə görüşlərdə Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını, o cümlədən “F 16” təchizatını müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, bunu cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
"Əlbəttə, bizi maraqlandıran və Prezidentin bu təmaslar zamanı fikirlərini bildirmək istədiyi mövzulardan biri Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarıdır. Burada söhbət “F 16”-dan gedir” – o qeyd edib.
Kirbi vurğulayıb ki, “F 16” ilə bağlı bu iki ölkənin nümayəndələri ilə müzakirələr məhz uzunmüddətli planlaşdırma və gələcəkdə Ukraynanın təhlükəsizlik ehtiyaclarının qarşılanması kontekstində aparılacaq.
Danimarkanın Baş naziri Mette Frederiksenin Vaşinqtona səfəri iyunun 5-nə planlaşdırılıb. Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə iyunun 8-də ABŞ-a səfər etməlidir.

Dünya 2023-06-03 06:18:00