×
A
A
A
Sazlamalar

Böyüklər arasında atletika üzrə Azərbaycan çempionatına start verilib

Bakı, 2 iyun, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında atletika üzrə Azərbaycan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov idmançılarımızı qarşıda nüfuzlu yarışlar gözlədiyini və bu səbəbdən ölkə çempionatının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparırlar. Ölkənin ən güclü atletlərinin qatıldığı yarış Krakovda təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
Eyni zamanda, dünya atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94-cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəm kəsb edir.

İdman 2023-06-02 23:04:00