×
A
A
A
Sazlamalar

Bakıdakı Rus evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 1-də Bakıdakı Rus evində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi, “Musiqi entuziastları” klubunun rəhbəri Nüşabə Quliyevanın təşkilatçılığı ilə məktəbin müəllim və şagirdləri tərəfindən hazırlanıb.
Qonaqları Bakıdakı Rus evi rəhbərinin müavini Yelena Mazayeva salamlayaraq, uşaqları təbrik edib. O, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranmasından, bu bayramın humanitar əhəmiyyətindən danışıb.
Qonaqlarla birgə bu günü təcəssüm etdirən “canlı” bayraq yaradılıb.
Konsert proqramına Azərbaycan və sovet cizgi filmlərindən popuri daxil idi. Gənc artistlərin parlaq geyimləri hər bir personajın ifadəli obrazını vurğulayırdı. Sevimli nağıl qəhrəmanları ilə görüş hər kəsə sehrli uşaq dünyasına səyahət sevinci yaşadıb.
Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina tədbirə yekun vurub.
Gənc artist və rəssamlara bədii uşaq ədəbiyyatı hədiyyə olunub.

Cəmiyyət 2023-06-02 22:56:00