×
A
A
A
Sazlamalar

Fərid Qayıbov: Taekvondo üzrə dünya çempionatının Bakıda təşkili böyük hadisədir

Bakı, 2 iyun, AZƏRTAC

Taekvondo üzrə dünya çempionatının Bakıda təşkili böyük hadisədir. 140-dan çox ölkədən ən güclü taekvondoçular ölkəmizə gəliblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov iyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində istifadəyə verilən buz meydançasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, bu çempionat Olimpiada öncəsi ən mötəbər yarışdır: “Təəssüf ki, indiyədək mübarizəyə qoşulan idmançılarımız medal qazana bilməyiblər. Yığmanın heyətində bəzi dəyişikliklər edilib, yeni taekvondoçular var. Əlbəttə ki, hamımız uğurlu nəticənin olmasını istərdik. Bəlkə də, idmançılarımız həyəcanlı olurlar. Bunun səbəbi barədə daha çox məşqçilərimiz danışa bilər. Hamını taekvondoçularımıza dəstək olmağa çağırıram”.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda, ümumilikdə, 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Dünya çempionatı çərçivəsində silsilə tədbirlər də keçirilir.

İdman 2023-06-02 21:25:00