×
A
A
A
Sazlamalar

Gənc avarçəkənlərimiz Qazaxıstandan səkkiz medalla qayıdırlar

Bakı, 2 iyun, AZƏRTAC

Gənc avarçəkənlərimiz Qazaxıstan açıq birinciliyində uğurla çıxış ediblər.
AZƏRTAC Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadla xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən kayak və kanoe növləri üzrə beynəlxalq turnirdə komandamız 5 nəfərlik heyətlə təmsil olunub.
Yüzə yaxın idmançının mübarizə apardığı yarışda avarçəkənlərimiz, ümumilikdə, səkkiz medal qazanıblar.
İki yüz metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci yerə layiq görülüb. İdmançımız eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə də finişə birinci çatıb.
Beş yüz metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə təmsilçimiz ikinci pillədə qərarlaşıb.
İki nəfərlik kayak qayığında Əlimurad Hacızadə - Vacib Babayev cütlüyü 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Duet 200 metr məsafədə gümüş medallara sahib olub. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 və 200 metr məsafəyə yarışlarda ikinci yerə layiq görülüblər.

İdman 2023-06-02 19:27:00