×
A
A
A
Sazlamalar

Milli Məclisdə “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusunda dinləmə keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin uşaq hüquqları ilə bağlı birgə dinləməsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusunda dinləmədə çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da inkişaf etdirildiyini söyləyib. O, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən, qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun böyük işlər gördüyünü qeyd edib.
Əhliman Əmiraslanov uşaqların sağlamlıqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan dövlətinin son illər bu sahədə mühüm nailiyyətlər əldə etməsini diqqətə çatdırıb, uşaqların sağlamlığının icbari tibbi sığorta ilə təminata alınmasından, onların fiziki sağlam böyümələri üçün yaradılan maddi-texniki bazadan bəhs edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlət uşaq siyasəti, bu istiqamətdə həyata keçirilən dövlət proqramları, regionlarda uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Dinləmədə çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Sədaqət Vəliyeva, Nigar Arpadarai, Könül Nurullayeva, Kamilə Əliyeva, Sevil Mikayılova, Ramin Məmmədov ölkəmizdə uşaq hüquqlarının etibarlı təminat mexanizmlərinin, uşaqların inkişafı üçün hərtərəfli şəraitin yaradılmasından söz açıblar. Deputatlar XXI əsrin gənclik qarşısında qoyduğu vəzifələr, bütün uşaqlar üçün müasir texnologiyalardan təhlükəsiz istifadə və digər mövzularda fikirlərini bildiriblər.
Tədbirdə IV və V Respublika Uşaq forumlarının iştirakçıları - Aytac Adıgözəlova, Məryəm Hacıyeva, Mətləb Orucov, Sona Mirzəyeva, Fatimə Hüseynova, Ramiq Cəbiyev, Nərgiz Adıgözəlova çıxış edərək, fəaliyyətləri, qazandıqları nailiyyətlər barədə məlumat veriblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, keçirilən dinləməyə görə minnətdarlıqlarını bildiriblər, bundan sonra da yüksək səylə çalışacaqlarını diqqətə çatdırıblar.
Dinləmədən sonra tədbirdə iştirak edən uşaqlar parlamentin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla anıb, dahi rəhbərin 100 illiyinə həsr edilmiş fotostend və “Zəfər guşəsi” ilə də tanış olublar, Milli Məclisin plenar iclas zalına baxış keçiriblər.

Cəmiyyət 2023-06-02 19:20:00