×
A
A
A
Sazlamalar

Vaşinqtonda Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələri günləri qeyd olunub

Bakı, 2 iyun, AZƏRTAC

Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Gününün 105-ci ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.
Ölkəmizin ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson, müdafiə katibinin Avrasiya, Rusiya və Ukrayna məsələləri üzrə köməkçisinin müavini Laura Kuper və Oklahoma Milli Qvardiyasının qərargah rəisi, briqada generalı Kolbi Vatt iştirak ediblər.
Tədbirə 30-a yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, yəhudi təşkilatlarının və müxtəlif tədqiqat mərkəzlərinin rəhbərləri və nümayəndələri, o cümlədən ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri daxil olmaqla 600-dən çox qonaq qatılıb.
Ziyafətdə açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi ölkəmizin hazırkı qlobal səciyyəli vəziyyətinə gəlib çıxmasında müstəsna rolunu xüsusi vurğuladı. Ümummilli Liderin Azərbaycan-ABŞ münasibətlərinin qurulması və inkişafına verdiyi əvəzsiz töhfələr qeyd edilib, ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən danışılıb. Həmçinin Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub.
Tədbirdə ABŞ-ın Oklahoma ştatı ilə tərəfdaşlığın qurulmasının 21 illik tarixindən danışılıb və bu tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Diplomat Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu qlobal miqyaslı layihələr barədə danışıb.
Səfir Prezident İlham Əliyevin Avropanın gələcəyi ilə bağlı müzakirələrin aparıldığı “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirakına da toxunub.
Hər iki Qarabağ müharibəsinin iştirakçısı olan Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov Silahlı Qüvvələrimizin şanlı tarixindən bəhs edərək, Müzəffər Ali Baş Komandanın xüsusi diqqəti və səyləri nəticəsində ordumuzun bugünkü müasir və güclü vəziyyətinə gəldiyini və 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edildiyini xüsusi vurğulayıb.
Tədbirdə iştirak edən yüksəkvəzifəli ABŞ rəsmiləri hər iki əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik edib, hazırda ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizə kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Bölgəmizdə sülh və əmin-amanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra ABŞ-ın Vaşinqton şəhərinin meri Muriel Bauzer tərəfindən 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə imzalanmış bəyannamə oxunub.
Qəbul zamanı ölkəmizin Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə aid videoçarxlar nümayiş etdirilib.
Bədii hissədə ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa edib.
Sonda ziyafət verilib.

Siyasət 2023-06-02 19:09:00