×
A
A
A
Sazlamalar

Birləşmiş Ərəb Əmirliklərinə bir sıra ərzaq məhsullarının ixracı imkanları və prosedurları müzakirə olunub

Bakı, 2 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin və Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndələri arasında onlayn görüş təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı respublikamızdan həmin ölkəyə təzə və quru meyvələrin, tərəvəzlərin, süd və süd məhsullarının, ət və ət məhsullarının ixracı imkanları və prosedurları ilə bağlı fikir mübadiləsi aparılıb, məhsulların ixracı üçün tələb olunan sertifikat formalarının razılaşdırılmasına dair təkliflər səsləndirilib. Azərbaycandan yumurtanın ixracı ilə əlaqədar sertifikat formasının artıq razılaşdırıldığını vurğulayan Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri digər məhsullar üçün də müvafiq sertifikat formalarının razılaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə imzalanması nəzərdə tutulan saziş layihələrinə də toxunulub. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sosial 2023-06-02 18:48:00