×
A
A
A
Sazlamalar

Polkovnik: Şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq

Bakı, 2 iyun, AZƏRTAC

Özlərinə əbədiyyət heykəli ucaldaraq şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. İllər keçsə belə onların Vətəninə, xalqına, millətinə olan sevgisi hər birimiz üçün örnək olacaq.
Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan qoşunlarından təmizlənməsi uğrunda aparılmış Vətən müharibəsinin başa çatmasından iki il altı ay ötür. Hərbçilərimizin şücaəti, canı, qanı bahasına 44 günlük savaşda qazanılan tarixi Zəfər hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.
Əlbəttə, Vətən müharibəsində Qələbə heç də asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Azərbaycanın cəsur oğullarının şücaəti və fədakarlığı ilə düşmənin bütün sədləri darmadağın edildi, Vətən müharibəsində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı, canı və qanı bahasına qazanıldı. Öz fədakarlığı ilə Zəfəri bizə bir qədər də yaxınlaşdırmış igidlərimizdən biri də Qurban İbrahimov olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, “Azərbaycan Bayrağı” ordenli əsgər Qurban İbrahimovun anadan olmasının 25 illiyinə həsr olunmuş “Cəsur döyüşçü Qurban İbrahimov-25 il” adlı anım tədbirində deyib.
“Qurban İbrahimov Vətən müharibəsi zamanı Hadrut, Cəbrayıl, Xocavənd və Laçın rayonlarının azadlığı uğrunda gedən ağır döyüşlərdə silahdaşlarına qorxmazlığı, mətinliyi ilə nümunə olmağı bacarmışdı. Qarabağın tacı olan Şuşanın döyüş texnikası tətbiq edilmədən xüsusi təyinatlı qüvvələrimizin cəsur döyüşçüləri tərəfindən azad edilməsi müharibənin kulminasiyası oldu. Yüngül silahlarla silahlanmış döyüşçülərimizin sıldırım qayalarla dırmaşaraq alınmaz qala hesab edilən şəhərə girməsi və onu düşməndən təmizləməsi hərb tariximizin şanlı səhifələrindəndir. Təəssüf ki, Şuşa döyüşləri zamanı noyabrın 5-də Qurban İbrahimov düşmən gülləsinə tuş gəldi və şəhid oldu. Əgər yaşasaydı, iyunun 4-də Qurban İbrahimov doğum gününü, 25 yaşını qeyd edəcəkdi. Vətən torpaqlarının bütövlüyü naminə öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan Bayrağını azad olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs vəzifəsi və borcudur. Allah şəhidimiz Qurban İbrahimova və Qarabağın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə polkovnik vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Qurban İbrahimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət göstərdiyi üçün “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəmiyyət 2023-06-02 18:47:00