×
A
A
A
Sazlamalar

İranda həbs edilən Azərbaycan vətəndaşlarına iki seçim verilir... ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan vətəndaşının İran xüsusi xidmət orqanları tərəfindən casusluq ittihamı ilə həbs edilməsi təəccüblü deyil. Əslində, üç ay öncə Fərid Səfərli bu ölkədə yoxa çıxarkən onun məhz bu ittihamla üzləşə biləcəyi haqda danışırdıq. Çünki belə təcrübə var və əvvəl baş verən analoji hallar deməyə əsas verir ki, İrana səfər edən və müəmmalı şəkildə yoxa çıxan Azərbaycan vətəndaşlarının hər biri eyni tale ilə üzləşir. İranın son illər Azərbaycana qarşı aqressiv siyasəti bu riski daha da aktuallaşdırır. Eyni zamanda, ümumilikdə molla rejiminin mahiyyəti bundan ibarətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı söyləyib.
O qeyd edib ki, 2008-ci ildə İran şirkəti ilə əməkdaşlıq edən və həmin şirkətin dəvəti ilə bu ölkəyə səfər edən azərbaycanlı alim Rəşid Əliyev qondarma ittihamla həbs olunub. 2012-ci ildə gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacıyev ədəbi tədbirə dəvət əsasında İrana səfər etdilər və casusluq ittihamı ilə həbs olundular. 2013-cü ildə AMEA-nın əməkdaşı Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov tədbirdə iştirak üçün getdikləri İranda qondarma ittihamla həbs olundu. İndi də Fərid Səfərli getdiyi İranda eyni ittihamla həbsə atılıb.
“F.Səfərli üç ay öncə İranda itkin düşmüşdü, maraqlıdır ki, İran rəsmi Bakının vətəndaşının yoxa çıxması ilə bağlı sorğusuna niyə üç ay sonra cavab göndərib. Əslində bu məqam İran xüsusi xidmət orqanlarının oğurladıqları Azərbaycan vətəndaşlarını öncə casusluğa cəlb etmək istəklərindən, buna nail ola bilməyəndə, eyni ittihamla həbs etmək planından xəbər verir. İstisna deyil ki, üç ay öncə oğurlanan F.Səfərli işgəncələrə məruz qalıb, onun İranın xeyrinə casusluq etməsini istəyiblər, nail ola bilmədikləri üçün casusluq ittihamı ilə həbs ediblər. Bu, molla rejiminin Azərbaycan vətəndaşlarına qarşı tətbiq etdiyi klassik metoddur”, - deyə siyasi şərhçi bildirib.
Eyni təhlükənin İrana səfər edən hər bir Azərbaycan vətəndaşını gözlədiyini vurğulayan Asif Nərimanlı deyib: “Xüsusilə son illər İranın Azərbaycana qarşı artan aqressiyası bu ölkəyə gedən Azərbaycan vətəndaşlarının molla rejimi tərəfindən potensial casus olaraq qəbul edildiyini deməyə əsas verir. Həbs edilən Azərbaycan vətəndaşlarının qarşılarına iki çətin seçim qoyurlar: ya İrana casusluq etməlidirlər, ya da İrana qarşı casusluq ittihamı ilə həbs olunacaqlar. Hətta “terrorçu” ittihamı da irəli sürülə bilərlər. Molla rejiminin zaman-zaman irəli sürdüyü qondarma “Azərbaycan regiona terrorçu ixrac edir” iddiasını isbatlamaq üçün həbs etdikləri Azərbaycan vətəndaşlarına qarşı bunu edə biləcəkləri də istisna deyil.
Bu baxımdan, Azərbaycan vətəndaşları İrana səfər etməkdən çəkinməlidir. Hətta hazırda Azərbaycan vətəndaşları üçün iki təhlükəli ölkənin olduğunu deyə bilərik, biri Ermənistan, digəri İrandır. Əvvəlki təcrübə, molla rejiminin aqressiyası və Fərid Səfərlinin həbs edilməsi göstərir ki, İrana gedən hər bir Azərbaycan vətəndaşının taleyi risk altındadır”.
Siyasi şərhçinin sözlərinə görə, bu təhlükənin qarşısını almaq üçün Azərbaycan dövləti də müvafiq addımlar atmalıdır. Çünki təhlükənin olmasına baxmayaraq, Azərbaycan vətəndaşları hələ də İrana səfərlər edirlər. “Bu baxımdan, dövlət vətəndaşların İrana səfərini məhdudlaşdıra, yaxud qadağan edə bilər. Dünyada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərlərinin qadağan edilməsi təcrübəsi kifayət qədərdir. Misal, ABŞ və Yaponiya vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan edir. Yaxud elə vətəndaşlarının İrana səfərinə qarşı olan onlarla və bəlkə də daha çox ölkə var. F.Səfərlinin qondarma ittihamla həbs edilməsi, ümumiyyətlə, molla rejiminin mahiyyəti Azərbaycanın da belə addım atması zərurətini aktuallaşdırır”, - deyə A.Nərimanlı əlavə edib.

Siyasət 2023-06-02 18:45:00