×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunun əməkdaşları məktəblilərin olimpiadaya hazırlıq mərhələsində fəal iştirak ediblər

Bakı, 2 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani və kiçik elmi işçi Bəyimxanım Hüseynova şagirdlərin 19-cu Beynəlxalq coğrafiya olimpiadasında (iGeo) iştirak etmək üçün seçmə imtahanına hazırlıq dərslərində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ölkə komandasına seçmə imtahanı mayın 27-də, hazırlıq dərslərinə ev sahibliyi etmiş “Fortis Academy”də keçirilib. İmtahanda respublika fənn olimpiadalarının yuxarı yaş kateqoriyasının qalibləri və təhsildə qrant müsabiqələri çərçivəsində qalib gəlmiş “Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına hazırlığı” layihəsinin müdavimləri iştirak ediblər. Sınaq imtahanında şagirdlərə 50 sualdan ibarət qapalı və açıq testlər təqdim edilib.
19-cu Beynəlxalq coğrafiya olimpiadası avqustun 8-dən 15-dək İndoneziyanın Bandunq şəhərində keçiriləcək. Yaşar Seyidəliyevin rəhbərliyi ilə iGeo-da ölkəni təmsil edəcək komanda 16-19 yaşlı gənclərdən ibarət olacaq.
Qeyd edək ki, “Fortis Academy”nin şagirdi Murad Qarayev 2022-ci ildə həm respublika fənn olimpiadalarının gümüş medalına, həm də iGeo-nun bürünc medalına layiq görülüb.

Elm və təhsil 2023-06-02 18:36:00