×
A
A
A
Sazlamalar

Kişineu görüşü sülh müqaviləsinin imzalanması üçün artıq heç bir maneənin olmadığını deməyə əsas verir - RƏY

Bakı, 2 iyun, AZƏRTAC
Kişineuda keçirilən beştərəfli görüşdən gözləntilər kifayət qədər yüksək idi. Xüsusilə mayın 14-də son Brüssel görüşü zamanı əldə olunmuş razılıqlar və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı bəyanatın səsləndirilməsi bu gözləntiləri təşviq edən əsas amillərdir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi politoloq Aytən Qurbanova söyləyib.
Politoloqun sözlərinə görə, Kişineu görüşü nəticə etibarilə Brüssel formatının davamı xarakteri daşıdığı üçün sülh danışıqları çərçivəsində növbəti mərhələ olaraq qiymətləndirilə bilər. Ümumilikdə isə bu günə qədər keçirilmiş və yaxın gələcəkdə təşkili planlaşdırılan görüşlərin gündəliyinə nəzər saldıqda, Avropanın və bütövlükdə Qərbin sülh danışıqlarında əsas aktora çevrilmək cəhdləri xüsusilə diqqəti cəlb edir.
“Göstərilən bu cəhdlər və Avropanın vasitəçiliyi ilə keçirilən bütün görüşlər özlüyündə kifayət qədər müsbət dinamika olaraq nəzərdən keçirilməlidir. Amma əsas məsələ bu görüşlər çərçivəsində əldə edilmiş razılıqların Ermənistan tərəfindən atılacaq real addımlarla da müşayiət olunmasıdır. Belə olan halda, təbii ki, sülh müqaviləsinin imzalanması üçün artıq heç bir maneənin olmadığını və növbəti belə görüşlərdən birində ilkin razılaşma sənədinin imzalana biləcəyini açıq şəkildə ifadə edə bilərik”, - deyə Aytən Qurbanova qeyd edib.

Siyasət 2023-06-02 18:18:00