×
A
A
A
Sazlamalar

Respublika Velotrekində yoqa sessiyası keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Hindistanın Azərbaycandakı səfirliyi iyunun 2-də Bakıda yerləşən Respublika Velotrekində ictimaiyyət üçün açıq yoqa sessiyası təşkil edib və 200-ə yaxın yoqa həvəskarlarını və peşəkarlarını bir araya gətirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin iştirakçıları sırasında Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan, müdafiə sənayesi nazirinin müşaviri Əlibaba Əliyev, Respublika Velotrekinin direktoru Tamerlan Salahov, eləcə də Azərbaycan Velosiped Federasiyasının rəsmi şəxsləri və yoqa klubunun üzvləri yer alıblar.
Tədbirin əvvəlində səfir Sridharan Madhusudhanan və müdafiə sənayesi nazirinin müşaviri Əlibaba Əliyev yoqanın ümumi sağlamlıq üçün çoxsaylı faydalarını vurğulayıblar, onun müxtəlif xalqları və millətləri birləşdirən rolunu qeyd ediblər.
Yoqa seansına tanınmış yoqa təlimatçısı Elçin Quliyev rəhbərlik edib. Tədbirə mədəni çalar qatmaq üçün Solmaz Əsgərova yoqa seansından sonra füsunkar Hindistan və Azərbaycan rəqslərini ifa edib. Bütün iştirakçılara dadlı hind qəlyanaltıları təqdim olunub.
Beynəlxalq Yoqa Gününün çərçivəsində keçirilmiş bu açıq yoqa tədbiri qədim Hindistan təcrübəsinin faydaları haqqında məlumatlılığın yayılmasına kömək edib.

Səhiyyə 2023-06-02 17:52:00