×
A
A
A
Sazlamalar

Rafael Hüseynov: İnternet fəzasını, virtual aləmi zərərli müdaxilələrdən işlək qanunlar qoruya bilər

Bakı, 2 iyun, AZƏRTAC

Böyük Britaniyada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin qurumun yay sessiyası öncəsi iclasları keçirilib.
AZƏRTAC xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun iştirak etdiyi komitə iclası 3 geniş dinləmə və çoxsaylı ekspertlərin qatıldığı müfəssəl fikir mübadilələri ilə yadda qalıb.
“Kainatüstü virtual dünyanın imkanları və vəzifələri” mövzusunda müzakirələrdə çıxış edən deputat mövzu ilə bağlı düşüncələrini bölüşüb. Rafael Hüseynov bildirib ki, artıq istəsək də, istəməsək də virtual dünyalar həyatımızın bir paçasına çevrilmiş gerçəklikdir və bu reallıqla barışmamaq mümkün deyil.
“Kainatüstü” – “Metaverse” dediyimiz virtual dünya tədricən daha da sıxlaşır, hamımızı öz ağuşuna almağa, öz şərtlərinə və qaydalarına, yaxud qaydasızlıqlarına tabe etməyə başlayır. Lakin bizim içərisində yaşadığımız cəmiyyətin adət etdiyimiz, qanunla təsdiqlənmiş, məcəllə və əxlaq kodeksləri ilə tənzimlənən və riayət etdiyimiz öz sabit qayda-qanunları var. Məhz bu nöqtədə virtual dünya ilə gerçək cəmiyyət bir-birindən ayrılır”, - deyə Rafael Hüseynov diqqəti virtual aləmlə gerçək həyat arasında nizam məsələsini ön plana çəkib. O əlavə edib ki, virtual aləmin gücü, təsir və təzyiq imkanları çoxdur. Virtual aləmin dəyərləri zədələmək, dəyişə bilmək, dəyər olmaqdan çıxarmaq imkanı da danılmazdır. Virtual aləm, eyni zamanda, oturuşmuş meyarları, təsbitlənmiş çərçivələri sındırmaq gücünə malikdir. Virtual aləm nümayişkaranə şəkildə, bizimlə hesablaşmadan gerçək dünyamızı əlimizdən alır, insan cəmiyyətinə xas olan ənənəvi pərdə anlayışını dağıdır. Bu, bir tərəfdən sanki şəffaflığın artması, guya daha demokratik fəzaya keçiddir. Ancaq demokratik dəyərlər hamılıqla qəbul və təqdir edilən şəbəkədir.
Deputat müzakirədə iştirak edənlərin də diqqətini xüsusi cəlb edən önəmli bir məqam üzərində ayrıca dayanaraq vurğulayıb: “Ən qorxulu cəhət hansısa güclər tərəfindən ağuşunda olduğumuz virtual dünyanın idarə olunmaq, yönləndirilə bilmək xüsusiyyətidir. Bu isə həm demokratiyaya, həm mənəvi dəyərlər sisteminə, həm də bütövlükdə cəmiyyət asayişinə qarşı son dərəcə ciddi təhlükə deməkdir. Kainatüstü virtual aləmə - “Metaverse”yə təsir imkanına malik hansısa dağıdıcı qüvvələrin qədərindən də artıq sərbəst olan bu məkanda xaos və qarşıdurmalar doğurmaq, ən müxtəlif cinayətlərə, mənəvi səfalətə də yol açmaq fürsəti var. Belə real təhlükə varsa, biz də hərəkətsiz qalmamalıyıq”.
Rafael Hüseynov AŞPA üzvlərini, Böyük Britaniya parlamentinin çoxsaylı təmsilçilərini, sözügedən sahə üzrə tanınmış mütəxəssislər və ekspertlər virtual aləm kimi hüdudsuz fəzanı nəzarətsizlikdən qurtarmaq, ifrat sərbəstliyi aradan götürmək, bu sahədə işlək qanunların, sabit hüquqi normaların bərqərar olmasını təmin etmək üçün səyləri birləşdirməyə çağırıb.

Cəmiyyət 2023-06-02 17:48:00