×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidi, kəşfiyyatçı Qurban İbrahimovun xatirəsi anılıb

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, “Azərbaycan Bayrağı” ordenli əsgər İbrahimov Qurban Namiq oğlunun anadan olmasının 25 illiyinə həsr olunmuş “Cəsur döyüşçü Qurban İbrahimov-25 il” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Müdafiə Nazirliyinin idarə və təşkilatlarının, veteran təşkilatlarının, şəhər məktəblərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə çıxış edərək bildirib ki, Vətən müharibəsində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı, canı və qanı bahasına qazanıldı. Öz fədakarlığı ilə Zəfəri bizə bir qədər də yaxınlaşdırmış igidlərimizdən biri də Qurban İbrahimov olub. O, mənfur düşmənin diz çökdürülməsində xüsusi pay sahibi olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində xidmət edirdi, baş çavuş, müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.
“Qurban İbrahimov Vətən müharibəsi zamanı Hadrut, Cəbrayıl, Xocavənd və Laçın rayonlarının azadlığı uğrunda gedən ağır döyüşlərdə silahdaşlarına qorxmazlığı, mətinliyi ilə nümunə olmağı bacarmışdı. Qarabağın tacı olan Şuşanın döyüş texnikası tətbiq edilmədən xüsusi təyinatlı qüvvələrimizin cəsur döyüşçüləri tərəfindən azad edilməsi müharibənin kulminasiyası oldu. Yüngül silahlarla silahlanmış döyüşçülərimizin sıldırım qayalarla dırmaşaraq alınmaz qala hesab edilən şəhərə girməsi və onu düşməndən təmizləməsi hərb tariximizin şanlı səhifələrindəndir. Təəssüf ki, Şuşa döyüşləri zamanı noyabrın 5-də Qurban İbrahimov düşmən gülləsinə tuş gəldi və şəhid oldu”, - deyə polkovnik diqqətə çatdırıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Qurban İbrahimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət göstərdiyi üçün “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirdə şəhidin qardaşı, kapitan Aftandil İbrahimov, anası İntizar xanım çıxış edərək Qurbanın ömür və döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
“Əgər yaşasaydı, iyunun 4-də Qurban İbrahimov doğum gününü, 25 yaşını qeyd edəcəkdi. Vətən torpaqlarının bütövlüyü naminə öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan Bayrağını azad olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs vəzifəsi və borcudur. Allah şəhidimiz Qurban İbrahimova və Qarabağın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə çıxışlarda qeyd edilib.
Anım tədbirində şəhid Qurban İbrahimovun həyatı və döyüş yoluna həsr edilmiş “Vətən uğrunda” adlı sənədli film və sərgi nümayiş olunub.
Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu, İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik musiqilərinin səsləndirilməsi ilə davam etdirilib.

Cəmiyyət 2023-06-02 17:00:00