×
A
A
A
Sazlamalar

Politoloq: Makronun danışıqlar prosesinin mahiyyətini təhrif edən mövqeyi Brüsselin vasitəçilik səylərinə kölgə salır

Bakı, 2 iyun, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun danışıqlar prosesinin mahiyyətini təhrif edən mövqeyi Brüsselin vasitəçilik səylərinə kölgə salır.
Politoloq İlqar Vəlizadə bununla bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
Kişineuda Azərbaycan, Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Avropa Siyasi Birliyi çərçivəsində qeyri rəsmi görüşü keçirilib. Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron tezliklə onlara qoşulublar.
Agentliyin həmsöhbəti bununla bağlı deyib: “Beştərəfli görüşün nəticələrinə görə, Makron yenə də danışıqların yekununun əsassız interpretasiyası ilə çıxış edib. Bu, Bakının haqlı narazılığına səbəb olub. Fransa tərəfindən heç də ilk demarş olmayan Makronun bu çıxışında danışıqlar prosesinin mahiyyəti bilərəkdən təhrif edilir və o, görüşün yekunlarını özünə sərf edən kontekstdə təqdim etməyə cəhd göstərir. Analoji vəziyyət ötən aylarda da yaranıb və az qala danışıqlar prosesinin pozulmasına gətirib çıxaracaqdı. Vəziyyət belə davam edərsə, Makron Brüsselin səyləri ilə bağlı məsələni sual altında qoya bilər”.
Ekspertin sözlərinə görə, Kişineuda keçirilən üçtərəfli və beştərəfli danışıqları konstruktiv hesab etmək olar. O əlavə edib: “Onlar kifayət qədər müsbət atmosferdə keçdi, çünki masanın üzərində səylərin və diqqətin cəmləşməsini tələb edən və müzakirələrə ehtiyac olan praktik məsələlər var. Burada ən başlıcası ondan ibarətdir ki, vasitəçilər, xüsusən Avropa İttifaqı təkcə görüşlərin intensivləşməsi deyil, həm də konkret nəticələr əldə olunması istiqamətində maksimum səylər göstərir. Hər şeydən əvvəl, söhbət Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının yeni mərhələsinin əsasını qoya biləcək iki ölkə arasında sülh sazişindən gedir. Bu səbəbdən Aİ bu sənədin tezliklə imzalanacağına ümid edir. Əlbəttə, Azərbaycanın da sülh sazişinin imzalanacağı ilə bağlı öz ümidləri var. Onlar sözügedən sənədin imzalanmasından sonra iki ölkə arasında münasibətlərin daha konstruktiv olacağı, hamı üçün universal olan siyasət-hüquq prinsipləri əsasında təşəkkül tapacağı ilə əlaqədardır. Buraya ərazi bütövlüyünün tanınması, bir-birinin daxili işlərinə müdaxilə edilməməsi və diplomatik münasibətlərin qurulması daxildir. Lakin bu, bizə məxsus olan gözləntilərdir. Təəssüf ki, erməni tərəfindən Azərbaycana və vasitəçilərə doğru yetərincə konstruktiv addım atılmır. Bu səbəbdən ciddi irəliləyişlər müşahidə olunmur. Bu, danışıqlar prosesində ən çox məyusedici amildir. Danışıqların dinamikası, razılaşdırılmış məsələlər olduğu halda, hələ ki, konkret nəticələr yoxdur”.
Politoloq bununla bağlı Prezident İlham Əliyevin Laçında çıxış edərkən Azərbaycanın şərtlərinin ədalətli olması ilə bağlı söylədiyi fikirləri xatırladıb. Onun sözlərinə görə, bu şərtlər anlaşılandır və təkcə Azərbaycan yox, bütün dünya ictimaiyyəti üçün məqbuldur. Çünki onlar beynəlxalq normalara və prinsiplərə əsaslanır.
İ.Vəlizadə əlavə edib: “Biz öz mövqeyimizi bildirmişik. Bu mövqe ondan ibarətdir ki, erməni tərəfinin prosesi ləngidəcəyi təqdirdə biz yenə və təkrarən İrəvana müraciət etməyəcəyik, Ermənistan isə kədərli, blokada şəraitində qalmağa davam edəcək. Biz kommunikasiya əlaqələrinin blokdan çıxarılmasını, iri nəqliyyat layihələrin həyata keçirilməsini bir neçə dəfə təklif etmişik və indi də edirik, lakin Ermənistan bundan imtina edir. Yəni İrəvan öz-özünü blokadaya salır. Ona görə də bu məsələyə dair bütün iddiaları İrəvana ünvanlanmaq lazımdır”.
İrəvanın Azərbaycan ərazisində yaşayan ermənilərə münasibətdə destruktiv mövqeyindən bəhs edən ekspert bildirib ki, “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alsaq, bu ölkə bizim dövlətin daxili işlərinə qarışmamaq prinsipinə də əmələ etməlidir. Qarabağ ermənilərinin gələcək taleyini müəyyən etməklə bağlı İrəvan tərəfindən irəli sürülən hər hansı iddialar əsassızdır və bu prinsipə ziddir”.
Ekspert sonda deyib: “Kişineuda tərəflər diqqəti konkret gündəliyə yönəltmişdi. Hər şeydən əvvəl, yaxın perspektivdə dialoqun necə qurulacağı, hansı məsələlərin müzakirə ediləcəyi, hansı məsələlərin öncəlikli xarakter daşıdığı və onlarla bağlı qərarlara nail olunması üzrə fikir mübadiləsi aparılıb. Bu, görüşün hər halda mahiyyət etibarı ilə müsbət olduğunu göstərir. Gələcək proseslərə gəldikdə, biz hər halda yaxın vaxtlarda kommunikasiyaların açılması və sülh sazişinin imzalanması yolunda mühüm addım atılacağına ümid edirik. Əgər güman etsək ki, pozitiv dinamika davam edəcək, onda cari ilin sonunadək yuxarıda sadaladığımız bütün istiqamətlər üzrə çox ciddi irəliləyişlərin olacağını gözləmək olar”.

Siyasət 2023-06-02 16:47:00