×
A
A
A
Sazlamalar

Dörd sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatının dayandığını söyləyib. Onun sözlərinə görə, dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub. Bildirib ki, 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib. Qeyd edib ki, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb.
Anar Kərimov Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” məntəqəsinin açıldığını deyib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin “bir pəncərə”dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib. DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub və DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı daim artır. Hazırda DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb.
Qurum rəsmisi bildirilib ki, 2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.
Anar Kərimov 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olduğunu vurğulayıb. Bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfərin işlə təmin olunub, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb, proqrama cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb. 445 min nəfər peşəyönümü xidmətlərə, 16 min nəfər peşə hazırlığına cəlb edilib.
Nazir müavini 2018-ci ildən sonrakı dövrdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açıldığını vurğulayıb. Bildirib ki, yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib.
Anar Kərimov qeyd edib ki, son beş ildə nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib. Sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib.
Həmçinin 2018-2023-cü illər ərzində sosial sahədə geniş elektronlaşma proqramının icra olunduğunu, nazirliyin 153 xidmətindən 140-dan çoxunun elektronlaşdırıldığını bildirib. Həmin dövrdə bu elektron xidmətlərə 64 milyon müraciət, nazirliyin e-sistemlərinə 572 milyon sorğu və müraciət qeydə alınıb. Qurumun 31 elektron xidməti üzərindən 3,3 milyon elektron arayış verilib. Nazir müavini dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalından isə 69 milyon dəfə istifadə edildiyini diqqətə çatdırıb. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexanizmi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirildiyini, 692 min fərdi hesabın e-qaydada açıldığını bildirib.
Nazir müavini özəl pensiya fondu barədə ilkin layihələrin müzakirə edildiyini söyləyib. Qeyd edib ki, özəl pensiya fondu çərçivəsində vətəndaşlar üçün əlavə imkanlar yaradılacaq.
Anar Kərimov Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini vurğulayıb. Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Dövlət xidmətlərinin 2022-ci ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində 24 mərkəzi icra hakimiyyəti orqanı arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1-ci yerə yüksəlib.
Mətbuat konfransında sosial sahənin digər istiqamətləri üzrə görülən işlər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, jurnalistlərin sualları cavablandırılıb.

 

 

 

Sosial 2023-06-02 14:09:00