×
A
A
A
Sazlamalar

Pxenyan BMT-nin baş katibini tənqid edib

Bakı, 2 iyun, AZƏRTAC
Pxenyan orbitə hərbi peyk buraxmasına görə Şimali Koreyanı qınayan BMT-nin baş katibi Antonio Quterreşi tənqid edib.
AZƏRTAC xəbər verir ki, KXDR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin Baş direktoru Ço Çhol So BMT baş katibinin üzv dövlətin “suveren hüquqlarını” pozduğunu və ölkənin daxili işlərinə qarışdığını deyib. Onun sözlərinə görə, BMT-nin təkcə ABŞ-a məxsus olmadığını göstərmək üçün Pxenyan hərbi casus peykinin fəzaya buraxılması da daxil olmaqla, suveren hüquqlarından istifadə edəcək.
BMT isə öz növbəsində peyklə bağlı insidentdən sonra iyunun 2-də Təhlükəsizlik Şurasının iclasını çağırmaq qərarına gəlib.
Qeyd edək ki, çərşənbə günü səhər saatlarında Şimali Koreyanın orbitə buraxdığı hərbi casus peykini daşıyan raket mühərrikində yaranan problem səbəbindən Sarı dənizə düşüb. KXDR-in Kosmik İnkişaf üzrə Dövlət Agentliyi qəzaya səbəb olan nöqsanları araşdıracağını, lazımi tədbirlər görəcəyini və yaxın vaxtlarda peyki orbitə çıxaracağını bildirib.

Dünya 2023-06-02 14:01:00