×
A
A
A
Sazlamalar

Avropa İttifaqı yenilənmiş siyasətində Azərbaycana ciddi önəm verir - Ekspert

Bakı, 2 iyun, AZƏRTAC

Avropa İttifaqı (Aİ) özünün genişlənmə prosesini sürətləndirmək, təsir imkanlarını artırmaq üçün yeni mexanizmlər formalaşdırır. Bu məqsədlə əvvəllər yaratmış olduğu “Şərq Tərəfdaşlığı”, “Avropa Qonşuluq Siyasəti” və digər proqramların siyahısına yenilərini əlavə edir. Yeni yaradılmış “Avropa siyasi birliyi”ni də bu kontekstdə qurulmuş platformalardan biri kimi dəyərləndirmək olar. Avropa İttifaqının geosiyasi liderliyinin gücləndirilməsi, strateji hədəflərinə çatması prosesinə töhfə verilməsi üçün formalaşdırılmış bu platformanın ilk Zirvə toplantısını 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirib. İndi Moldovanın paytaxtında keçirilən Zirvə toplantısı sayca ikincidir.
Bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.
O bildirib ki, “Avropa siyasi birliyi”nin iş mexanizmləri, əməkdaşlıq prinsipləri Aİ-nin əvvəlki platformalarından fərqlidir. Ətraf dövlətlərlə münasibətləri tənzimləmək üçün yenilənmiş şərtlərə malikdir. Birliyə qoşulmaq üçün Avropa İttifaqına üzv olmaq şərti yoxdur. Aİ ilə yaxın münasibətləri olan, strateji hədəflərinə uyğun gələn digər ölkələr də Birliyin iştirakçısı ola bilərlər. Münasibətlər qarşılıqlı maraqların təmin edilməsi üzərində qurulur. Sonuncu Zirvə toplantısına 50 ölkədən dövlət və hökumət başçılarının qatılması da bu faktı təsdiqləyir.
Ekspert qeyd edib ki, bu platformanın Azərbaycan və bütövlükdə Türk dünyası üçün də əhəmiyyəti var. Onun proqramında Azərbaycana və Türkiyəyə istinad olunur, ciddi önəm verilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bununla bağlı xüsusi qeydi var. O, “Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birliklər”in formalaşdırılmasını Aİ-nin strateji hədəflərindən biri kimi təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyev hər iki Zirvə toplantısına dəvət olunub və orada iştirak edib. Toplantılarda dövlətimizin başçısına xüsusi hörmət və həssaslıq göstərilib, Azərbaycanla münasibətlərin inkişafını ehtiva edən müzakirələr keçirilib. Bu kontekstdə Azərbaycan və Ermənistan liderlərinin görüşlərinin təşkili, nəticədə bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini təsdiq edən açıqlamaların səsləndirilməsi də xüsusi maraq doğurur. Bütün bunlar Avropa İttifaqının ölkəmizə ciddi əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Avropa İttifaqı yenilənmiş siyasətində Azərbaycana əhəmiyyətli yer ayırır.
"Qeyd etmək zəruridir ki, “Avropa siyasi birliyi”nin Zirvə toplantısının təşkil olunduğu ərəfədə Bakıda Enerji Həftəsi keçirilir. Avropa İttifaqı bu tədbirdə yüksək səviyyədə təmsil olunub. Avropa Komissiyasının Enerji Platforması üzrə işçi qrupunun direktoru Kristina Lobillo enerji həftəsindəki çıxışında Azərbaycanı Aİ-nin etibarlı və mühüm enerji tərəfdaşı adlandırıb. Böyük Britaniyanın Baş naziri Rişi Sunakın, ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattın, həmçinin ABŞ Prezidentinin Enerji Həftəsi iştirakçılarına müraciəti olub. Bu çıxışlarda Azərbaycanın önəmi vurğulanıb. Ölkəmizin layiqli tərəfdaş olması qeyd edilib. Çıxışlarda diqqət çəkən məqam odur ki, Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də regionda sülhün əldə olunmasına töhfə verən bir dövlət kimi qeyd edilir. Həmin tezis “Avropa siyasi birliyi”nin Zirvə toplantısında inkişaf etdirilir. Sülh və təhlükəsizlik məsələsində Azərbaycanın oynadığı rol qabardılır. Bu, artıq yeni yanaşmadır. Azərbaycanın gerçək missiyasının dəyərləndirilməsidir", - deyə M.Ələsgərli vurğulayıb.

Siyasət 2023-06-02 12:26:00