×
A
A
A
Sazlamalar

Ağcabədi və Qubada Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanılacaq

Bakı, 2 iyun, AZƏRTAC
Son beş ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirlik tərəfindən 5 il ərzində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu dövrdə Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb: “Yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanılacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib”.
Anar Kərimov bildirib ki, qeyd olunan dövrdə nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib: “Əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib. Sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib”.

Sosial 2023-06-02 11:44:00