×
A
A
A
Sazlamalar

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival təşkil edilib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival təşkil edilib.
AZƏRTAC xəbər verir ki, muzeyin uşaq şöbəsi tərəfindən açıq havada təşkil olunan musiqili-əyləncəli festivalda müxtəlif rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim olunub.
Burada həmçinin muzeyin Uşaq Birliyi və Uşaq Musiqili Teatr Studiyasının üzvlərinin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasının premyerası keçirilib.
Tədbirdə Penza şəhərindəki Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrin “Stilizə olunmuş Azərbaycan milli geyimi” sərgisi nümayiş olunub.
Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” tədris proqramı çərçivəsində muzeyin balaca dostlarının öz əlləri ilə yaratdıqları geyimlərdən ibarət “Məxmər fashion show” moda nümayişi isə festivala xüsusi rəng qatıb.
Maraqlı və rəngarəng festivalda müxtəlif ustad dərsləri, əyləncəli musiqili proqram təşkil olunub. Festivalda uşaqlar əyləncə dolu, yaddaqalan bir gün yaşayıblar.

 

 

Mədəniyyət 2023-06-02 11:30:00