×
A
A
A
Sazlamalar

“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu sübut etdi – Xoşbəxt Yusifzadə

Bakı, 2 iyun, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü sovet illərinə, ikinci dövrü isə müstəqillik illərinə təsadüf edib. Heydər Əliyev Azərbaycanın neft sənayesini həm sovet dövründə, həm də müstəqillik dövründə daim diqqətdə saxlayıb. Sovet dövründə Azərbaycanın neft sənayesinin vəziyyəti bir o qədər də yaxşı deyildi. Xəzər dənizinin dərinliyi 40 metrə qədər olan sahələrində yataqlar kəşf edilmişdi. Əvvəllər texnika da yox idi, texnikaya görə yataqlarda geniş işləmək mümkün deyildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 2-də Bakı Enerji Forumunda çıxış edərkən deyib.
O bildirib ki, Heydər Əliyev 1970-ci illərdə vəziyyətlə tanış oldu və qarşıda duran məsələləri həll etməyə başladı: “Qısa zaman ərzində dünyada məşhur olan üzən qazma qurğuları və digər istiqamətlərdə işləməyə imkan verən qurğular əldə edildi. Bu qurğuların sayı 11-ə çatdırıldı. Azərbaycan üçün 75 növdə 400-dən çox gəmi alındı. Bu, çox böyük inkişaf idi. Bu nailiyyətlərdən sonra yataqlar kəşf edilməyə başlandı. Dünyada məşhur olan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının “Günəşli” hissəsi 1979-cu ildə, “Çıraq” hissəsi 1985-ci ildə, “Azəri” hissəsi 1987-ci ildə kəşf edildi. Bu yataqlarla bərabər bir sıra kiçik platformalar aşkar edildi. Heydər Əliyev sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, ona görə də sovet dövründə Azərbaycanın neft sənayesini daim diqqətdə saxlayırdı. Sovet dövründə neft sənayemizdə müəyyən işlər görülmüşdü və işləmək üçün şərait yaradılmışdı”.
X.Yusifzadə vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” sovet dövründə kəşf edilsə də, tam dərinliklərində iş aparılmırdı: “Müstəqil olandan sonra istəyirdik ki, yataqların birgə işlənməsi ilə bağlı xariciləri dəvət edək. Bir çoxları hesab edirdi ki, bizim sovet dövründən neft sənayesində təcrübəmiz var, biz niyə xariciləri dəvət etməliyik? Xarici şirkətləri dəvət etmək qəbahətli iş deyildi. Çünki dünyada belə təcrübə çoxdur. Heydər Əliyevlə məsləhətləşəndən sonra belə qərara gəlindi ki, xarici şirkətləri dəvət edək və onlarla birgə işləyərək. Tender elan edildi, əsasən ABŞ, İngiltərə, Türkiyə şirkətləri ölkəmizə gəlməyə başladılar. Danışıqlar Bakıda, İstanbulda, ABŞ-ın Hyuston şəhərində keçirilirdi və asan getmirdi, bizim xarici şirkətlərlə danışıq aparmaqla bağlı geniş təcrübəmiz yox idi.
İlham Əliyev həmin dövrdə Dövlət Neft Şirkətində çalışırdı. Onun xarici dilləri bilməsi, xaricdə təhsil alması işin gedişinə çox kömək etdi. Vaşinqtonda görüş zamanı qarşı tərəf bildirdi ki, Azərbaycan Rusiya ilə Xəzər dənizinin statusu məsələsini həll etməlidir. Hələ o vaxt 1994-cü il idi. Həmin vaxt mən Heydər Əliyevə zəng vurdum və digər tərəfin istəyini məruzə etdim. Heydər Əliyev İlham Əliyevi Vaşinqtona göndərdi, bu məsələni həll etdi. Biz ümumi razılığa gəldik. Beləliklə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləs”inin imzalanmasına nail olduq. Rusiya ilə Xəzər dənizinin statusu ilə bağlı məsələni isə 2002-ci ildə həll etdik.
“Əsrin müqaviləsi”nin Azərbaycana çox xeyri oldu. Dünyanın bütün aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır. Saziş imzalandıqdan sonra xarici şirkətlər daha 35 sazişə imza atdılar. Müqavilənin iqtisadi əhəmiyyəti isə o oldu ki, Azərbaycanın neft sənayesi hasilatı ən aşağı səviyyədən - 1997-ci ildə 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı”.

 

İqtisadiyyat 2023-06-02 11:00:00