×
A
A
A
Sazlamalar

Zəhra Məmmədova: "Guilty pleasure” sərgisində ənənəvi zövqün estetikada olan əksini göstərməyə çalışırıq

Bakı, 1 iyun, Emil Məlikov, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında gənc Azərbaycan rəssamlarının iştirakı ilə açılan qrup sərgisi “Guilty pleasure” (“Müqəssir zövq”) adlanır. Adından da göründüyü kimi biz bu sərgidə ənənəvi zövq anlayışını, orijinallığı araşdırırıq. Bu zövqün estetikada olan əksini göstərməyə çalışırıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında sərginin kuratoru Zəhra Məmmədova deyib.
"Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. "Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu sərgidə müxtəlif səpkidə əsərlər və videoinstalyasiyalar nümayiş olunur. Sərgilənən ekspozisiyalar arasında sırf YARAT Müasir İncəsənət Məkanının sifarişi ilə hazırlanan əsərlər də var", - deyə sərginin kuratoru qeyd edib.

Mədəniyyət 2023-06-01 21:25:00