×
A
A
A
Sazlamalar

“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşləri yekunlaşdırıb

Bakı, 1 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” ASC tərəfindən 2023-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlarla görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk görüş Biləsuvar rayonunda “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov, Biləsuvar və ətraf rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) rəhbərlərinin iştirakı ilə olub. Daha sonra bu görüşlər ardıcıl olaraq bütün ölkəni əhatə etməklə davam etdirilib. Sabirabad, Füzuli, Ağcabədi, Bərdə, Şəmkir, Yevlax, Şəki, Qobustan, Siyəzən və Xaçmaz rayonlarında keçirilən görüşlərə bütün ətraf rayonlarda biçin aparacaq mexanizatorlar cəlb edilib.
Görüşlərdə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, biçin zamanı qarşıya çıxa biləcək problemlər və onların həllinə dair məsələlər müzakirə olunub.
Mexanizatorların təklifləri dinlənilib. Onlara taxıl biçini zamanı biçin qaydaları bir daha izah edilərək, üzərlərinə düşən vəzifə və məsuliyyət barədə məlumatlar verilib.
Aprel ayından başlayaraq davam edən tədbirlər may ayının 30-da “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində Xaçmaz, Quba, Qusar, Xızı rayonlarında biçin aparacaq mexanizatorlarla keçirilən görüşlə yekunlaşıb.

Kənd təsərrüfatı 2023-06-01 18:45:00