×
A
A
A
Sazlamalar

Lerikdə əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb VİDEO

Lerik, 1 iyun, AZƏRTAC

Lerikin dağlıq kəndlərində Mərakeş çəyirtkələri əkin sahələrinə yayılıb. Ziyanvericilərə qarşı mübarizə tədbirlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əkinlərə ciddi zərər vuran Mərakeş çəyirtkələri Lerikin Blaband kənd ərazi dairəsindəki yaşayış məntəqələrinin örüş sahələrində yayılıb. Ərazidə heyvan otaran çobanlar yerli icra strukturlarını bu barədə məlumatlandırıblar. Sakinlər deyirlər ki, indiyədək belə halla qarşılaşmayıblar.
Qonşu kəndlərin sakinləri də təşviş içərisindədirlər. Onlar böyük zəhmət hesabına əkib-becərdikləri taxıl zəmilərini çəyirtkələrin məhv edəcəyindən narahatdırlar.
Çəyirtkələrin əkin sahələrinə yayılmasının qarşısını almaq üçün Lerik Bitki Mühafizə Mərkəzi tərəfindən mübarizə tədbirlərinə başlanılıb. Mübarizə tədbirləri ultra kiçikhəcmli müasir və yüksək manevr qabiliyyətinə malik çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.
Çəyirtkələrin yayılma ərazisi geniş olduğuna görə Leriklə yanaşı, Masallı və Lənkəran Bitki Mühafizə mərkəzlərindən də texnikalar cəlb edilib. Əvvəlki illərin müşahidəsinə görə, Lerik ərazilərində çəyirtkənin bu cür miqrasiyası qeydə alınmayıb.
Mərakeş çəyirtkələri 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Zərərvericilər əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək, bir neçə saat ərzində sahəni yararsız hala salır.

 

Kənd təsərrüfatı 2023-06-01 18:32:00

Video