×
A
A
A
Sazlamalar

Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib

Tərtər, 1 iyun, AZƏRTAC

Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Köçərli kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Minayə Həsənlinin Ümummilli Liderə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Olimpiya İdman Kompleksində davam edən tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları Ümummilli Liderin 100 illik yubileyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbik edib, onlara uzun ömür, cansağlığı, aydın səma və firavan həyat arzulayıb.
Festivalda uşaqlar bir-birindən maraqlı rəqs və musiqi nömrələri ifa edib, şeirlər söyləyib, fləşmoblar göstəriblər.
Sonda festivalda fəal iştirak edən kollektivlərə təşəkkürnamələr təqdim olunub.

Regionlar 2023-06-01 18:17:00