×
A
A
A
Sazlamalar

“Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil olunub

Bakı, 1 iyun, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən iyunun 1-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, “Dövlət uşaq siyasəti” adlı videoçarx nümayiş olunub.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, millətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin Azərbaycanda hüquqları qorunur. Onlar ölkəmizdə sülh şəraitində yaşayırlar. Bugünkü vəziyyət, ölkəmizin əldə etdiyi uğurlar, Azərbaycanın inkişafı üçün görülən böyük işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
O qeyd edib ki, bu gün Azərbaycan həm regionda, həm də dünya səviyyəsində böyük nüfuz qazanıb. Xalqımız isə azərbaycançılıq ideologiyası ətrafında birləşib.
Çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, işğaldan azad olunan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görülüb. O, Azərbaycanda olan uşaqların yüksək diqqət və qayğı ilə əhatə olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizin bütün bölgələrində keçirilən bayram tədbirləri uşaqlara göstərilən münasibəti sübut edir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı dünyada gedən proseslərin bütün ölkələrə təsiri etdiyi kimi, Azərbaycandan da yan keçmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin proseslər Azərbaycan ailələrinə, cəmiyyətinə mənfi təsir edə bilər.
Hicran Hüseynova deyib ki, əsas məqsədimiz sağlam, düşüncəli və vətənpərvər uşaqlar yetirməkdir. Vurğulanıb ki, uşaqların inkişafı üçün dövlət proqramları qəbul olunub. O, dövlətin uşaqların inkişafı istiqamətində gördüyü işlərə də toxunub.
Şənlikdə sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və qazi övladları, milli azlıqların nümayəndələri, uşaq evi sakinləri, sığınacaqlarda müvəqqəti yaşayan, o cümlədən Bakının 12 rayonu və Zəngilanın Ağalı kəndini təmsil edən uşaqlar, habelə Komitə yanında fəaliyyət göstərən “Uşaq Səfirlər” Məclisi üzvləri daxil olmaqla ümumilikdə 400 uşaq iştirak edib.
Bakı Su İdman Sarayına məxsus ərazidə “Lider olmaq istəyirəm”, “Valideynlər və biz”, “STEAM laboratoriyası”, “Şahmat saatı”, “Art studio” və “Eko məkan” adlı 6 guşədə müxtəlif sahələr üzrə master-klaslar, interaktiv oyunlar və təlimlər keçirilib, uşaqların ifasında mahnılar səsləndirilib.
Tədbir çərçivəsində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, interaktiv oyunların keçirilməsi istiqamətində “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib.

Cəmiyyət 2023-06-01 17:36:00