×
A
A
A
Sazlamalar

Bakıda insan alveri qurbanlarına xidmət təminatçılarının potensialını artırmaq üçün təlim keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

Mayın 30-u və 31-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ İnkişaf Agentliyinin maliyyələşdirdiyi təşkilatın icra etdiyi İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət layihəsi çərçivəsində təşkil olunmuş insan alveri qurbanlarına və insan alverinə qarşı həssas insanlara yardım edən xidmət təminatçıları üçün Psixi Sağlamlıq mövzusunda iki günlük təlim keçirilib.
Bu barədə AZƏRTAC-a BMqT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Təmiz Dünya-Qadınlara Yardım İctimai Birliyi, Azərbaycan Uşaqlar Birliyi İctimai Birliyi, TƏMAS Regional İnkişaf İctimai Birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərə Yardım İctimai Birliyi, “Ailə Dünyası” Hüquqi Yardım İctimai Birliyi, İnsan alverinə qarşı “Ümid Yelkənləri” İctimai Birliyi, “Etibarlı Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyindən ümumilikdə 23 iştirakçı təlimdə iştirak edib.
Təlim insan alveri qurbanlarına xidmət təminatçılarının potensialını artırmaq, xüsusilə benefisiarlarla işləyən sosial işçilər və psixoloqların psixi sağlamlıq və şəxsi qayğı və stresə davamlılığın əsaslarını başa düşmək məqsədi daşıyırdı.
BMqT tərəfindən 2015-ci ildən etibarən həyata keçirilən USAID-in maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın səmərəliliyini daha da artırmaqda kömək edir. Bura insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

 

 

Cəmiyyət 2023-06-01 17:28:00