×
A
A
A
Sazlamalar

İƏT-in sosial inkişaf üzrə nazirlər səviyyəsində sessiyası olacaq

Bakı, 1 iyun, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Misir Ərəb Respublikasının Sosial Həmrəylik Nazirliyi ilə birlikdə Sosial İnkişaf üzrə Nazirlər Konfransının “Sosial ədalət və sosial təminat” mövzusunda ikinci sessiyasını keçirəcək.
AZƏRTAC təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, iyunun 5-6-da Qahirədə keçiriləcək sessiyada İƏT-ə üzv ölkələrin nazirləri iştirak edəcəklər.
Konfransda uşaqlara qarşı zorakılığın aradan qaldırılması, uşaq əməyi probleminin həlli, nikah və ailə institutlarının gücləndirilməsi, qocaların və əlillərin rifahının və sosial təminatının təşviqi və təmin edilməsi istiqamətində üzv dövlətlərin, İƏT-in struktur və institutlarının səyləri nəzərdən keçiriləcək, yeni birgə layihələrlə bağlı ekspert rəyləri müzakirə ediləcək.
Sosial İnkişaf üzrə Nazirlər Konfransının 2-ci sessiyası İƏT Xarici İşlər Nazirləri Şurasının qərarlarının icrası və 9 dekabr 2019-cu il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Sosial İnkişaf üzrə Nazirlər Konfransının çərçivəsində çağırılır. Bu mühüm konfransda İƏT-ə üzv dövlətlərin sosial inkişafa məsul nazirləri, təşkilatın müvafiq struktur və institutları ilə yanaşı, beynəlxalq və regional təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Sosial 2023-06-01 17:03:00