×
A
A
A
Sazlamalar

Belarusdan ölkəmizə göndərilən kartofda aşkarlanan uyğunsuzluqlar araşdırılacaq

Bakı, 1 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin və Belarus Respublikasının “Toxumçuluq, Karantin və Bitki Mühafizəsi Baş Dövlət Müfəttişliyi” Dövlət Müəssisəsinin nümayəndələri arasında onlayn görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qurumun fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.
Daha sonra Belarusdan respublikamıza idxal olunan ərzaqlıq kartof məhsulunda aşkarlanan uyğunsuzluqlarla əlaqədar həmin ölkənin Kənd Təsərrüfatı və Qida Nazirliyi ilə “Toxumçuluq, Karantin və Bitki Mühafizəsi Baş Dövlət Müfəttişliyi” Dövlət Müəssisəsinə göndərilən bildirişlərlə bağlı müzakirələr aparılıb. Belarus nümayəndələri bildirişlərdə qeyd edilən uyğunsuzluqlarla əlaqədar araşdırmaların aparıldığını və müvafiq tədbirlərin görüldüyünü bildiriblər.
Agentliyin nümayəndələri Belarusdan ölkəmizə göndərilən ərzaqlıq kartofda aşkarlanan uyğunsuzluqların aradan qaldırılmasının və həmin məhsulun müvafiq tələblərə cavab verməsinin vacibliyini vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sosial 2023-06-01 16:23:00