×
A
A
A
Sazlamalar

Kiyevdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Bakı, 1 iyun, AZƏRTAC

Kiyev şəhərində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli konsert proqramı təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər sakinləri və Ukrayna Azərbaycanlıları Radasının fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov xalqımızın tarixində böyük əhəmiyyət kəsb edən bayram münasibətilə soydaşlarımızı təbrik edib. Azərbaycanın Müstəqillik Gününün hər il may ayının son bazar günü keçirilən “Kiyev Günü”nə təsadüf etdiyini, bu baxımdan həmin günün paytaxtda yaşayan azərbaycanlılar üçün ikiqat bayrama çevrildiyini bildirib.
O, Kiyevdə bir neçə dəfə hava hücumu həyəcanının səslənməsinə baxmayaraq, nəzərdə tutulan konsertin keçirilməsinin rəmzi məna daşıdığına diqqəti cəlb edib. “Hazırda öz azadlığı uğrunda mübarizə aparan Ukraynanın paytaxtında tarixi vətənimizin müstəqilliyinin 105-ci ildönümünü təntənəli şəkildə qeyd edirik. Konsertdə iştirak edənlər bununla nümayiş etdirdilər ki, müstəqilliyimiz istənilən maneələr qarşısında dönməz və sarsılmazdır. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi ukraynalıları çox ruhlandırıb”, - deyə Hikmət Cavadov vurğulayıb.
Sonra “Azərbaycan” və “Qafqaz” ansambllarının da iştirak etdiyi konsertdə Ukraynanın Xalq artisti Qurban Abbasov Azərbaycan mahnılarını ifa edib.
Tədbir çərçivəsində xalqımızın tarixini, mədəniyyətini və milli adət-ənənələrini əks etdirən sərginin nümayişi olub.

Cəmiyyət 2023-06-01 14:53:00